26.12.2024, 20:20
AZ EN
20.11.2023, 07:00

Qürurlu dünənimiz, bu günümüz və şanlı sabahımız - Ağdam!

Sabit ƏZİMOV

Zəngin tarixi, uğurlu inkişaf yolu, zəhmətkeş insanların, elm, mədəniyyət və dövlət xadimlərinin vətəni olan Ağdam əsrlər boyu diqqət mərkəzində olmuş, cəsarətli, vətənpərvər övladlarının sayəsində böyük şöhrət qazanmışdır. Qəlbimizin ən yüksək mərtəbəsində yer tutan vətən torpağını – Ağdamı Qarabağ xanı Pənahəli xan da xanlıq üçün ən etibarlı ünvan seçmişdir, zərurətdən qürurvericilik, möhkəm dayaq məkanına çevrilmişdir. Bir müddətdən sonra xanlığın mərkəzi Şuşa qalasına köçürülsə də, strateji baxımından Qarabağ regionunda Ağdam giriş qapısı-mərkəz rolunu oynamışdır. Münbit torpaq, iqlim qurşağına, əsrarəngiz flora və faunaya məxsus  rayonun bərəkətli torpaqları sayəsində zəhmətkeş Ağdamlılar doğma yurd yerimizi dünyaya tanıda bilmiş, cənnətə çevirmişdilər, insanlıq üçün tələb olunan rahat həyat şəraiti burada var idi. Təbii ki, yüksək inkişaf göstəriciləri hər zaman Ağdamı diqqət mərkəzinə çevirirdi, istər k/t, istərsə də mədəni, sosial inkişafın göstəricilərinə - tərəqqiyə görə sevinənlər, onu istəməyən qüvvələr də olurdu.

SSRİ-nin dövründə Ağdamın adı rəsmi tribunalardan qabaqcıllıq, təşəbbüskarlıq və yenilikçilik ünvanı olaraq tərənnüm edilirdi, rayonun əmək adamları İttifaqın ən yüksək titullarını daşıyırdı. K/t rayonu olaraq üzümçülük, taxılçılıq, pambıqçılıq, heyvandarlıq və baramaçılıq sahəsində, adambaşına düşən ticarət dövriyyəsinə, emal müəssisələri, sənaye, nəqliyyat, tikinti, səhiyyə, təhsil və mədəniyyət ocaqlarının geniş şəbəkəsinə görə Ağdam çox inkişaf etmişdi. Uzun bir müddət keçməsinə baxmayaraq hələ də işğala məruz qalmamış rayonlarımızın bir çoxu Ağdam rayonunun 1993-cü ilə kimi olan inkişaf vəziyyətini əks etdirə bilmir. Zamanına görə istehsal və əmək qurğularının dəyəri bu günümüzün iqtisadi qiymətləndirmə ekvivalenti ilə milyardlarla dollarlıq əmtəə müqabilində idi, rayon əhalisinin yaşadığı - mənsub olduğu abad, xüsusi arxitekturası ilə fərqlənən ağ damlı evlər, daşınmaz əmlakların dəyəri 10 milyardlarla dollar təşkil edirdi. Rayonda mövcud mənəvi, siyasi ab-hava, quruculuq, sosial-iqtisadi vəziyyət elə bir üstün səviyyəyə çatmışdı ki, hərtərəfli inkişaf baxımından Ağdamın dünyanın bir sıra şəhərləri ilə qardaşlıq əlaqələri var idi, sağlam rəqabət aparmaq qabiliyyətini özündə əks etdirirdi, bütün nailiyyətlərin qazanılmasının başında isə fədakar, zəhmətkeş ağdamlılar dururdu. Rayonda istehsal olunmuş müxtəlif çeşidli məhsullar, xüsusilə xalça, gön dəri, ipəkçilik, şərabçılıq məhsulları bir sıra xarici ölkələrə ixrac olunurdu, iqtisadi əlaqələrin şəbəkəsi daha da genişlənirdi. Ağdam şəhər statusunu daşıyırdı, abad və səliqəli küçələri, istirahət mərkəzləri, inkişaf etmiş infrastrukturu, yaraşıqlı və mehriban insanları ilə yüksək dəyərlərə məxsus idi.

Çox təəssüf ki, həyatımızın ən gözəl və inkişaf dövrünü yaşadığımız zaman Ermənistan silahlı qüvvələri, qonaqpərvərliyimiz sayəsində Qarabağ ərazisində məskunlaşmış erməni mənsublu vətəndaşlar, onların təşkil etdiyi terror birləşmələri xarici havadarlarının köməyi və məkrli planları ilə Ağdamı da 1993-cü ildə işğal etdilər, nə qədər inanılmaz olsa da, bu baş verdi. Ağdamın işğalına yol verilməsini heç birimiz qəbul edə bilməzdik. O dövrün fərsiz respublika rəhbərliyinin acizliyi, idarəetmədə naşılıq, siyasi korluq isə işğala tam şərait yaratdı, düşmən bu fürsətdən yararlandı. Uzun illər ərzində Ermənistanın işğalçı qüvvələri Ağdam kimi gözəl bir şəhəri talan etdilər, maddi və mənəvi irsə qarşı vandalizm törətdilər, şəhər, ətraf qəsəbə, kəndləri demək olar ki, yer üzündən sildilər. Düşmənçilik, milli nifrət sahibləri olan ermənilər hətta ziyarət ünvanlarımıza qarşı da qəbul edilməz təhqirlərə yol verdilər, məzar daşlarını İrəvana daşıyaraq “abadlıq” işlərinə sərf etdilər. Ağdam rayonu ərazisinin 70% -ni işğal edən Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırım, cinayət, ekoloji terrorun vurduğu ümumi ziyanın məbləği 100 milyardlarla ABŞ dolları məbləğində qiymətləndirilir, bu rəqəm yenidən hesablanmalar nəticəsində daha da arta bilər. Azad olan torpaqlarımıza ermənilər tərəfindən minlərlə mina basdırılıb, torpağın humus qatı tamamilə çirkləndirilib, istifadəyə yararlı olmuş torpaqlar eroziyaya uğrayıb ki, bu da dövlətimizə qarşı terrordur, bərpa-quruculuq zamanı əlavə xərclər yaradır. Rayon əhalisinin 100 mindən çox sakininin işğal nəticəsində doğma ocaqlarını, iş yerlərini tərk etməsi, bunun müqabilində 30 ilə yaxın bir dövrdə yaşayış minimumu üçün lazım olan maddi vəsaitin itirilməsinə səbəb olan təcavüzkar Ermənistan dövlətinin təzminat ödəməsi də daima gündəmdə olmalıdır. Hər birimizin normal həyat şəraiti və inkişafına ciddi şəkildə təsir etmiş işğal faktoruna gorə beynəlxalq hüquq normalarına uyğun tədbirlər həyata keçirilməlidir. Bu, bizim haqqımız, ədalətin təsdiqi ola bilər. Bütün baş verənlər nəticəsində insanlarımız doğma yurd yerlərindən məcburi köçkünə çevrildilər, əzab-əziyyətli həyat şəraitinə sinə gərərək haqq-ədalətin bərqərar olunması üçün etiraz etdilər, lakin nə beynəlxalq qurumlar, nə də vasitəçilər adlandırılan qrup üzvləri heç bir əsaslı tədbirlər görmədilər, əksinə xalqımıza qarşı törədilmiş işğal faktorunu daha da uzatmaq naminə aldadıcı, səmərəsiz danışıqlar apararaq baş qatmaqla məşğul oldular, bütün bunları isə xalqımız yaxşı görürdü. Hətta beynəlxalq qanunlara hörmətsizlik o həddə çatdı ki, dövlətlərin ərazi bütövlüyünü qorumağa cavabdeh olan BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilmədi, bu da xalqın haqlı narazılığına səbəb olurdu. Burada xüsusi qeyd etmək istəyirəm ki, yaşadığımız indiki dövrdə yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalara rəvac verilməsi də təsdiq edir ki, dünya nizamına yeni yanaşma tətbiq olunmaqdadır, siyasi və geopolitik maraqların toqquşduğu ünvanlarda sülhün təmin olunması, bərqərar olunması baxımından ciddi qütbləşmə, təhdidlər, baxışlar və maraqlar mövcuddur, qloballaşma, yeni düzən xəritəsi ideologiyası mövcuddur, bütün bunları isə çox ciddi faktor olaraq nəzərimizdə saxlamalıyıq. Şimali Qafqaz və postsovet ölkələri məkanında münaqişələrin yaradılmasında  maraqların olduğunu unutmamalı, hər zaman ayıq-sayıq olmalıyıq. Xalq - Dövlət - Ordu birliyi ən vacib amillərdəndir.

Ağdamın 1993-cü ildə məruz qaldığı işğala 2020-ci ilin 8 noyabrında qazanılmış Zəfər nəticəsində son qoyuldu. Ali Baş Komandan Prezident İ.Əliyevin başçılığı altında Müzəffər Azərbaycan Ordusunun qələbə döyüşünə başladığı gün nəticəsində qazanılmış qələbənin yekunu olaraq Rusiya - Azərbaycan - Ermənistan dövlətləri arasında üçtərəfli saziş imzalandı, 20 noyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri işğal etdikləri Ağdam ərazisindən qeyd-şərtsiz çıxarıldı, Ağdam öz azadlığına qovuşdu. Bu tarixi gün olaraq Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi.

İndi Ağdamım azaddır, rayonun bərpası ilə əlaqədar geniş layihələrin həyata keçirilməsi, yurd yerlərimizdə geniş vüsət alan bərpa-quruculuq işlərinin davam etdirilməsi, Prezident İlham Əliyevin Ağdamda təməl qoyma tədbirində iştirak etməsi artıq öz bəhrəsini verməkdədir.

Ağdam Cümə Məscidinin bərpası, şəhər 1 saylı tam orta məktəbin tikintisinin yekunlaşması, sənaye texnologiya parkının yaradılması, ekologiya və su ehtiyatı mənbələrinin bərpa və istifadəyə verilməsi, ətraf kəndlərdə yeni yaşayış evlərinin, müasir üslubda qurulan Ağdamın yenidən tikilməsi üçün təsdiq edilmiş layihələrin icrası bu günümüzün reallığıdır, gələcək Ağdamın xoş günlərinin müjdəsini göstərir. Görülmüş və nəzərdə tutulmuş işlər onu deməyə əsas verir ki, Qarabağımız, onun dilbər guşəsi olan Ağdam özünün qalibiyyət təntənəsi ilə bəzənmiş, qidalanmış, ruhunun özünə qayıtdığı şanlı dövrünü yaşayır. Xalqımızın alnı açıq, üzü ağdır, qürurlu və yenilməzdir. Azad edilmiş yurd yerlərimizə ləyaqətli qayıdış başlanmışdır, həsrətli illərimizə son qoyulur.

Ağdamın işğal tarixindən 30 il, azad olunduğu tarixdən isə 3 il keçir. Artıq biz məcburi köçkün deyilik, bu torpaqların əzəli və əbədi sahibləriyik, biz qayıtmışıq, bizlərdən ayrı qalmış doğma torpaqlarımıza - Ağdama!

Vətən torpağının müqəddəsliyi uğrunda mübarizə apararaq canından keçmiş bütün şəhidlərimizin, vətən həsrətli illərdə dünyamızdan köç etmiş əzizlərimizin ruhlarına dualar edirik. Azərbaycanın şanlı tarixini yazan mərd övladlar heç vaxt unudulmayacaqlar! Azərbaycanın dövlət bayrağının azad edilmiş torpaqlarımızda dalğalanması birliyimiz, gücümüz və qürurumuzun təsdiqidir! Qazilərimizə, dövlətimizin keşiyində duran hər kəsə sağlamlıq arzulayırıq. Xalqımıza qələbəni qazandıran Ali Baş Komandana, onun Müzəffər Ordusuna minnətdarıq!

20 noyabr Ağdamın şəhər günüdür.

Azadlığın mübarək, Ağdam!