O, canişinlə nurani kişi arasında tərcüməçilik edəcəkdi.
Gözümüz önündə canlanan gerçək səhnədəki canişin Rusiya şahzadəsi, Qafqazın valiyi-ümumisi, knyaz Mixail Nikolayeviç, əba geyinmiş nurani qoca Qafqazın Şeyxülislamı Axund Əhməd Səlyani, sısqa uşaq isə onun nəvəsi Əli bəy Hüseynzadə, şeyxlə knyaz arasında tərcüməçilik edən isə dahi Mirzə Fətəli Axundov idi.
Bəli. Balaca Əli atasını da, anasını da itirmiş, babasının himayəsində qalmışdı. İndi babası onu canişinin yanına gətirmişdi ki, yaxşı təhsil alması üçün uyğun bir məktəbə qoydursun.
Dediyim kimi, Şeyx Əhməd Salyani həm daşıdığı vəzifəyə, həm də şəxsi üstünlüklərinə görə çox böyük nüfuza malik idi. Canişin onu mütləq eşidəcəkdi. Ancaq Mirzə Fətəli babası ilə bu ali məqama təşrif buyurmuş arıq, sısqa uşağın üzünə baxan kimi onun fitrətindıki cövhəri əsl yazıçı intuisiyası ilə hiss etdi və narahat olmağa başladı. Əlbəttə, Axundovu narahat edən o idi ki, birdən əlahəzrət knyaz balaca Əlinin həm fiziki göstəricilərinə, həm də üzündəki məsum işığa uyğun gəlməyən seçim edər, onu hərbi məktəbə qoyar. Bu məqamda heç şübhəsiz Tanrı işə qarışdı və Axundova Şeyx Əhməd Səlyaninin dediyi sözləri “işin xeyrinə” təhrif etmək cəsarəti verdi.
Təsəvvür edirsiniz? Tərcüməçi, çarın ali rütbəli zabiti Qafqaz canişini ilə Qafqaz şeyxülislamının söhbətini bilərəkdən təhrif edir...
Başqa bir qəribə nüans: Şeyx Əhməd Səlyanı özü rus dilini bilir, hətta bu dildə məqalələr yazırdı, ancaq nəvəsi ilə bağlı balaca bir xahiş üçün canişinlə tərcüməçi vasitəsi ilə danışırdı.
Və rus dilini bilirdisə, Axundovun onun fikrini təhrif etdiyini də görürdü. Lakin prosesə heç kim və heç nə mane olmurdu. Sanki hər şey taleyin iradəsi ilə baş verirdi.
Beləliklə, böyük Axundov balaca Əlinin istədiyi yerə – mülki gimnaziyaya daxil olmasına vəsilə oldu. Lakin o, sirlərin ən böyüyünü babası ilə Axundovun söhbətlərindən öyrənir, onları dinləməkdən doymurdu. Balaca Əlinin milli düşüncəsi bu söhbətlərlə formalaşırdı.
O düşünürdü: çar zabiti libasında olan bu “dinsiz” adamla, əba geyinib əmmamə bağlamış bu saqqallı din xadimini birləşdirən cəhət nədir? Əlbəttə, eyni millətə mənsub olmaları, eyni aqibətdən narahatlıqları və eyni gələcək uğrunda mübarizə aparmaları...
Şübhəsiz, Axundovun hər dindarla münasibəti tutmazdı. Onu şeyxülislama bağlayan din yox, ruhaniyyət idi. Şeyx məzhəb-təriqət ziddiyyətlərinin fövqünə qalxaraq irfan məqamına yerişmişdi, buna görə dövrünün mollalarından fərqli olaraq Axundovu mahiyyəti üzrə tanıyırdı. Yəni onu nəinki “kafir” saymır, vətən və millət adına bir düha kimi qəbul edirdi. Axundov da “bu mübarək zata” lazımı qiyməti verirdi. Hər halda o zaman üçün Azərbaycandan belə bir parlaq şəxsiyyətin çıxması yazıçını sevindirməyə bilməzdi.
Əli bəyin həyatında dönüş nöqtəsi olan növbəti hadisə Sankt-Peterburq Universitetində oxuduğu zamanlar baş verdi.
Əli bəy Leninin böyük qardaşı Aleksandr Ulyanovla bir qrupda oxuyurdu. Onlar kimya dərsində laboratoriyada bir yerdə praktiki məşğələlər keçirdilər. Saşa yaxşı kimyaçı idi. Lakin 1905-ci ilin inqilab ab-havası onun düşüncələrini alt-üst etdi. Hətta o qədər ki, günlərin birində elə həmin bu laboratoriyada partlayıcı maddə hazırlayıb çarı öldürmək qərarına gəldi. Lakin sui-qəsd baş tutmadı. Saşa əlində partlayıcı maddə çarın faytonuna yaxınlaşmaq istəyəndə onu tutdular və hadisənin səhəri günü qısa bir məhkəmə ilə edam etdilər.
Bu sarsıdıcı idi!
Sankt-Peterburq Universitetində tutatut başlamışdı. Əli bəyin ən yaxın yoldaşlarını və dostlarını onun gözü önündə qandallayıb aparırdılar. Çoxunun aqibəti müəmmalı idi. Belə qorxulu məqamda Əli bəy Sankt-Peterburqda qala bilməzdi. Beləliklə, o, qarışqa yuvası kimi qaynaşan şəhəri tərk edib öz ana yurdu Salyana da deyil, xalasıgil yaşadığı Şamaxıya qaçdı.
Sankt-Peterburq inqilabı Əli bəyin canına öz çınqısını salmışdı. O, çoxu kimi hadisələrə yalnız müşahidəçi kimi baxmır, onun mahiyyətini anlayırdı. Söhbət feodal qaydaları ilə yaşamaq istəməyən xalqın mütləqiyyətə qarşı ayağa qalxmasından gedirdi. Sui-qəsd də, terror da, hökumətin basqısı da məsələnin yalnız görünən üzü idi.
Əli bəyin həyatında dönüş nöqtəsi yaradan üçüncü hadisə İstanbul Universitetinin tibb fakültəsində oxuyarkən baş verdi. Halbuki bu vaxta qədər türkçülüklə bağlı ciddi qənaətlərə gəlmiş, təhsilini yeganə müstəqil türk ölkəsində davam etdirməyə qərar vermişdi. Lakin İstanbulda bir balaca xəyal qırıqlığına uğradı. Təhsilin səviyyəsi gözlədiyindən xeyli aşağı idi. Buradakı dözülməz şəraitlə bağlı bir həcv də yazdı və bu həcvə görə təqib də olundu...
Əli bəy İstanbuldakı sultan hakimiyyətinin timsalında eynən Sankt-Peterburqdakı mütləqiyyəti görürdü. Lakin burda inqilabi əhval-ruhiyyə yox idi. Üstəlik, nəinki tələbələrin, hətta müəllimlərin də xeyli hissəsi türk deyəndə yalnız osmanlı türklərini düşünürdülər. Onlar dünya türklərini, xüsusən Rusiya imperiyası ərazisində yaşayan etnik azlıqları lazımınca tanımırdılar. Tələbə Əlinin bu dözülməz problemi aradan qaldırmaq istəyi onu az vaxt ərzində bütün universitetdə məşhurlaşdırdı. Türk professorlar belə onun unikal bilgilərindən faydalanırdılar.
Ancaq vəziyyət yenə də Əli bəyin ürəyi istəyən səviyyədə deyildi.
O, nəinki türk xalqının, hətta ziyalıların və sənət adamlarının çağdaşlıqdan bu qədər uzaq düşməsinin səbəblərini özü üçün araşdırmağa başladı. Uzun düşüncələrdən sonra bir gün yumruğunu stola çırpıb, lap Arximedsayağı “Buldum!” deyərək ayağa qalxdı...
O türk ziyalıların öz taleyinə biganəliyinin səbəbini tapmışdı və bunu yeni bir ifadə yaradaraq “yangıldizm” adlandırmışdı (Mənası, bir işə qarışmayıb öz rahatlığını düşünmək, öz kefinə görə yaşamaq)
Xəstəliyin müalicəsi üçün düzgün diaqnoz qoyulmalıdır.
Əli bəy ozamankı türk cəmiyyətinin ən ciddi problemini tapmışdı.
Qalırdı müalicə...
Çoxları Əli bəy Hüseynzadəni yalnız ideoloq kimi tanıyır və təqdim edir. Lakin onun həm məfkurə inqilabını hazırlayan dahiliyi, həm də onu həyata keçirən fanatikliyi vardı. Bu səbəbdən İstanbuldakı fəaliyyəti az bir zamanda “İttihad və Tərəqqi” kimi mütərəqqi bir cəmiyyətin yaranması ilə nəticələndi. Nəinki Azərbaycan Demokratik Cümhuriyyətinin və Türkiyə Cümhuriyyətinin, hətta Turançılığın nəzəri əsası qoyuldu.
Biz bu gün Əli bəyin uğrunda can qoyduğu bir ölkədə yaşayırıq. O, haqlı olaraq bütün türk dünyasının, o cümlədən ana vətəni Azərbaycanın tərəqqisini Türkiyə ilə yaxınlaşmaqda və müttəfiqlikdə görürdü.
Otuz illik Qarabağ probleminin son düyününə qədər çözülməsində Türkiyənin bizə verdiyi dəstək dahi azərbaycanlının nə qədər haqlı olduğunu bir daha göstərir. Beləliklə, biz ölkəmizin ard-arda qazandığı ağlagəlməz qələbələrdə həm də Əli bıy Hüseynzadə kimi böyük kişilərin əl izlərini asanlıqla görə bilirik. Biz mənəvi mövcudluğumuz üçün bu cür böyük şəxsiyyətlərə, bu cür böyük müəllimlərə borcluyuq.
Kim bilir, bəlkə, Axundov Qafqaz şeyxülislamının sözlərini knyaza təhrif etmədən çatdırsaydı, indi hansı dünyada yaşayırdıq. Bəzən böyük bir xalqın taleyini təsadüfi bir an həll edir. Lakin Əli bəyin özü kimi imanlı insanlar dünyada heç nəyin təsadüfi olmadığına əmindirlər.