20 Yanvar sovet imperiyasına müqavimət göstərən igid Azərbaycan oğullarının günüdürsə, 27 sentyabr Qarabağ müharibəsində zəfər qazanan igidlərimizin günüdür
Bu günlərin biri müstəqilliklə nəticələndi, o biri vətən müharibəsində böyük qələbə ilə.
27 sentyabrın həm də 28 Mayla mənəvi yaxınlığı vardır. Çünki 44 günlük zəfər müharibəsi 28 Mayda elan olunan müstəqilliyimizin və suverenliyimizin sarsılmaz qarantına çevrildi.
Tariximizi ötən əsrin əvvəllərindən vərəqləsək, görərik ki, başımıza gələn bütün bəlalar dövlət müstəqilliyimizə görədir. Nə vaxt hansısa imperiyanın tərkibində sakit-səssiz oturmuşuq, üstümüzə gələn, bizə silah çəkən olmayıb. Bütün bəlalar özümüzü tanıyanda, özümüzə hörmət edəndə başlayıb.
Çar Rusiyasının tərkibində idik. Altdan-altdan torpaqlarımızı qonşulara hədiyyə edib təhsil, seçki, sağlamlıq hüquqlarımızı tapdalasalar da, açıq işğal, terror faktı ilə üzləşmirdik. Elə ki çar devrildi, Azərbaycan özünü müstəqil cümhuriyyət elan etdi, bir yandan soyqırımı başladı, o biri yandan işğal. Nəinki sərhəd bölgələrdə, hətta Bakıda və Qubada da qırğınlar törətdilər. Hədəfdə mövcudluğumuz idi. Sual belə qoyulmuşdu: biz niyə varıq? Dilimiz, dinimiz, mədəniyyətimiz niyə var? Ən əsası, bu mövcudluğu dərk və etiraf edirik. Dünya da tanıyır. Gülləyə düzülmək üçün bu səbəb kifayət idi. Bədnam qonşularımız da belə həssas məqamlarda “tarixi fürsət” tapırdılar.
Yüz il əvvəlki ən böyük milli ziyalılarımızın ən böyük arzusu güclü, müstəqil, düşmən qarşısında məğrur dayanan, lazım gəlsə onun burnunu ova bilən bir Azərbaycan dövləti qurmaq idi.
Amma arzulamaqla deyil ki!
Cümhuriyyət cəmi iki il yaşadı. Sovet respublikalarının tərkibinə daxil olub rus boyunduruğunu qəbul etdik-etmədik, soyqırımı da sona çatdı, işğal da. Yenə altdan-altdan torpaqlarımız kəsilib bədnam qonşularımıza verildi, gizli repressiyalar həyata keçirildi, lakin nisbi sakitlik və sülh şəraitində yaşadıq.
Düz 70 il!
Sovet imperiyasının yavaş-yavaş çöküşü ilə Azərbaycan müstəqilliyini bərpa etdi. Bununla da bütün passiv münaqişələr aktiv fazaya keçdi. Bizə daş atanlar indi odlu silah yönəltməyə başladılar. Əslində, iki ilə yaxın davam edən müstəqilliyə qovuşma prosesi ilk ciddi “cəzası”nı 1990-cı ilin yanvarında almışdı.
Azadlığı heç kimə bağışlamırlar!
20 Yanvar şəhidləri öz ölümləri ilə bu yolun təsadüfi olmadığını göstərdilər. Necə deyərlər, Azərbaycanın azadlığına və suverenliyinə öz ölümləri ilə şəhadət verdilər. Yəni şəhadətlərin ən müqəddəsini...
Ancaq, Füzuli demiş, düşmən qəvi idi!
Müstəqilliyimizin növbəti cəzası tarixi dədə-baba yurdlarımızdan son nəfərimizədək qovulmaqla başladı və qanuni dövlət sərhədlərimizə daxil olan 20 faiz ərazimizin işğalı ilə başa çatdı.
Və bu işğal düz 30 il davam etdi...
Doğrudur, rayon və şəhərlərinizin əsas hissəsi iki-üç il sonra işğala məruz qaldı, lakin ikinci dəfə müstəqilliyə can atan Azərbaycana ilk silahlı müdaxilə 1990-cı ildən başladı.
Qarabağın əsas hissəsini və bütün Şərqi Zəngəzuru tamam itirdikdən sonra ara xeyli sakitləşdi, biz uzunmüddətli atəşkəs ömrü yaşadıq.
Bir də 22 il sonra – 2016-cı ilin aprelində ədalət naminə işğalçılara və terrorçulara qarşı qanlı mücadiləyə atıldıq. Dörd gün davam edən bu müharibə bizi çox şeydən agah elədi. Praktiki olaraq anladıq ki, düşmənin özü üçün uydurduğu məğlubedilməz obrazı sadəcə mifdir.
Onun ağzını ova bilmişdik!
Hadisələrə səbəb-nəticə əlaqəsi və bir az da obrazlı baxsaq, 44 gün həmin 4 gündən doğdu. Və bu müqəddəs günlər arasındakı zaman cəmi 4 il çəkdi...
Rəqəmlərin bu ibrətamiz eyniliyi təsadüfi deyildi.
2020-ci ilin 27 sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin belə bir açıqlaması yayıldı: “Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı...”
Noyabrın 10-da hər şey həll olundu. Şuşaya bayrağımızı taxdıq. Düşmən öz qoşunlarını suveren Azərbaycan ərazilərindən çıxarmağa razılıq verdi. Üstəlik, Laçın, Kəlbəcər və Ağdam rayonları döyüşsüz boşaldıldı.
Lakin məlum-məşhur üçtərəfli müqavilənin bütün şərtlərinə axıracan əməl olunmadı.
Düşmən həmişəki məkrindən yenə əl çəkmirdi.
Bu səbəbdən 27 sentyabrın tarixi təfsirinə ehtiyac yarandı.
Müharibədəki qələbənin yanı sıra ağıllı diplomatik gedişlərlə Laçın post-məntəqəsini yaratdıq və Qarabağa giriş-çıxışı tamam nəzarətə götürdük.
Ardınca heç 24 saat çəkməyən unikal antiterror əməliyyatı gəldi.
Biz indi mətbuatda və sosial şəbəkələrdə Azərbaycan ərazisini dinc şəraitdə tərk edən minlərlə erməni görürük. Qadınlar, qocalar, uşaqlar heç bir qorxu yaşamadan, silah səsi eşitmədən, könüllü yaşamaq istədikləri yerlərə köçürlər.
Əslində, şərt çox sadədir. Qarabağ Azərbaycanın ərazisidir, bunu bütün dünya, o cümlədən Ermənistan özü rəsmən bəyan edir, belə bir şəraitdə iki seçim var: ya ölkəmizin qanunlarına tabe olub onun ərazisində digər etnik azlıqlar kimi mehribanlıq şəraitində yaşayırsınız, ya da buraları tərk edirsiniz.
Əlbəttə, bütün bunlar antiterror əməliyyatı zamanı Azərbaycan ordusunun gücünü bir daha görən terrorçuların və separatçıların silahı yerə qoyub təslim olması ilə başladı.
10 noyabr üçtərəfli müqaviləsi 19 sentyabr antiterror əməliyyatı üçün hüququ baza idi.
27 sentyabr isə 10 noyabr müqaviləsinə gətirən qaçılmaz şərtləri yaratdı.
Həm 20 Yanvarın, həm 28 Mayın mahiyyətini özündə əks etdirən bu mötəbər gün – 27 sentyabr tariximizə yeni səhifə açdı. Hətta Qarabağda son üç il ərzində aparılan və indən belə aparılacaq böyük quruculuq işləri də 27 sentyabrın məntiqi nəticəsi, həmin gündən başlayan tarixi hadisələr silsiləsinin təbii ardıcıllığıdır.
27 sentyabr Qalib Azərbaycanın təvəllüd günüdür və bizə bu qələbəni bəxş edən uca şəhidlərimizin qanı ilə tarixin parlaq səhifəsinə əbədi həkk olunub.
Hər bir azərbaycanlı, xalqımızı, vətənimizi sevən, onu özünə dost bilən hər kəs bu günün dəyərini bilməlidir.
Təkcə biz deyil, bütün bəşəriyyət belə günlərin sayəsində ayaqdadır.
O günlər ki, tapdalanmış haqq-ədalət üçün mücadiləyə start verilir.
O günlər ki, ayağı sayalı olur və bütün daşlar öz yerinə oturur.
O günlər ki, vətən mücahidlərinin qanı ilə yazılır, milyonların alın yazısını dəyişdirir və bir xalqın, bir millətin, bir toplumun müqəddərat nəğməsinə çevrilir.
Bu günlə qüruru duymaq azdır, əlimizi ürəyimizin üstünə qoyub hüzurunda baş əyməliyik.