26.12.2024, 20:40
AZ EN
24.04.2022, 08:00

Şəhid xanəndə

Mina RƏŞİD

  • Qarabağ müharibəsi hələ başlamamışdı, onda mən uşaq idim. Bizim həyətimizlə üzbəüz qonşumuz kənddə başqalarından fərqlənirdi. Şahmalı əminin gözəl səsi vardı. Hərdən onun şirin avazı gələrdi. Uşaq olsam da, bu səsi qəlbimdə hiss edərdim... Sonra başa düşdüm ki, o, tanınmış, sevilən bir xanəndədi.

Şahmalı Kürdoğlu günbəzlərlə bəzədilmiş daş hasarı və limon bağı ilə də hamıdan fərqli idi. Axı, kim həyətində onun kimi gözəl  bağ sala bilərdi? Bu bağda öz əli ilə becərdiyi nar, armud,  zəfəran və daha nə qədər naz-nemətlər vardı... Həyətinin bizimlə üzbəüz olan darvazasından başqa  evinə yaxın başqa  bir qapısı da vardı. Şahmalı Kürdoğlu yaşı əllini çoxdan keçmiş, saçları ağappaq olsa da, uca boyu, işıqlı siması ilə yaraşıqlı bir kişiydi. Yadımdadı, anama həmişə “Xurma bacı” deyərdi, adı Durna olsa da. Atam onun xətrini çox istəyərdi. Qardaşımın toyuna gələndə becərdiyi limondan da gətirmişdi. Onun limonları da səsi kimi başqa  dad verirdi. Gənc, gözəl xanımı və Şahiməli adında balaca oğlu da yaxşı yadımdadı. Amma onun əvvəlki ailəsində iki oğlu və bir qızı olduğunu da eşitmişdik.

İllər ötdü, hələ dərk edə bilmədiyim müharibə başladı. Deyirdilər, ermənilər illərlə üzərində çalışdıqları çirkin planlarını həyata keçirməyə başlayıblar. Nankor qonşumuz dinc əhalimizə hücum çəkir, günahsız qanlar tökür, qırğınlar törədirdi. Bilməzdim ki, bu soysuzlar bir gün ata-anamı əlimdən alıb, yurdumuzu talayacaq və mən ömrüm boyu qanımı mürəkkəbə çevirib belə nisgilli xatirələrin sözlə şəklini çəkəcəyəm...

Artıq Ağdam şəhəri, ona yaxın kəndlərindən olan bizim Qiyaslı da müharibənin gerçəklərini yaşayırdı. 1992-ci ilin yazında Ağdam şəhərinə atılan mərmilərdən atam şəhid oldu... Həmin ilin payızında isə qonşumuz, o səsi limonlu xanəndə Şahmalı Kürdoğlu balaca oğlu ilə öz bağında şəhid edildi...

Həmin gün bu günkü kimi yadımdadı. Onda mərmi səsinə, ölüm-itim xəbərinə çoxdan  alışmışdıq. Amma o günkü mərminin uğultusu hələ də yaddaşımı silkələyir. İndi bu sətirləri yazarkən də həmin uğultudan yenə həyəcan keçirir, olanları ürək ağrısı ilə xatırlayıram. O gün dəhşətli bir səs eşitdik, səs o qədər vahiməliydi ki, tez qaçıb evimizin zirzəmisinə doluşduq. Aradan bir az keçdi, uşaq sadəlövhlüyü ilə darvazanı açıb küçəyə çıxdım. Elə sol tərəfə baxınca Şahmalının həyat yoldaşının qucağında al-qanına bulaşmış balası qışqıra-qışqıra özünü  küçəyə atdığını gördüm... Onda mən dünyanın bütün rənglərini unutdum. Dünya qan rənginə dönmüşdü. Elə sarsılmışdım ki, donub qalmışdım... Sonra nələr oldu, bir də baxmağa cəsarətim çatmadı. Axı, nə yaşım vardı ki...

O gün başqa kənddə gecələdik. Səhər açılan kimi evimizə qayıtdıq. Kənd camaatı xanəndənin faciəli ölümündən sarsılmış, ağacları, gülləri, limonları güllələnmiş o dillər əzbəri olan  həyətə toplaşmışdılar. Ş.Kürdoğlu böyük el məhəbbəti ilə son mənzilə yola salındı və Qiyaslı qəbiristanlığında dəfn edildi...

1993-cü il iyulun 23-də Ağdam şəhərı ilə birgə bizim kəndimiz də işğal edildi. Elə o işğal günündə, lap düşmən kəndimizə yaxınlaşanda anam, balaca bacımla mən evimizdən ayrıldıq. Anamın əlindən az qala düşmənə əsir düşəcəkdik. Onu evindən, yurdundan qoparmaq olmurdu. Sonra da, Bərdənin Kətəlparaq adlı kəndində neçə ev dəyişdikdən sonra, adamlardan minnət götürməkdən bezib dəmir vaqonlardan birinə yerləşdik. Neyləsək də, anamı Bakıya, yataqxanaya apara bilmədik. Deyirdi ki, mən buradan kəndin havasını alıram, üstəlik iki oğlu da müharibədə idi. Bir neçə ildən sonra anam o dözülməz dəmir vaqonda ağır xəstəliyə düşərək dünyasını dəyişdi...

Sonra taleyin hökmü ilə Bakıya gəlib çıxdım. Yaddaşım isə bəzən səssiz, bəzən də tufan qopararaq öz yerində qalırdı... Odur ki, gözlərimlə görüb uşaq yaddaşımda saxladıqlarımdan əlavə, qonşumuz, o istedadlı xanəndə Şahmalı Kürdoğlunun ömürlüyü ilə daha yaxından tanış olmağa başladım. Öyrəndim ki, şirin avazını qonşudan dinlədiyim Ş.Kürdoğlu bir vaxtlar səsi ilə  Flarmoniyanı lərzəyə gətirmiş, Opera və Balet teatrında xüsusi tamaşaçıları olan, ürəyə yatan, coşğun səsiylə yanaşı, savadı, dünyagörüşü ilə də olduğu məclislərin yaraşığı imiş. O, böyük Füzulinin aşiqi kimi onun qəzəllərini ürəkdən, ayrı bir şövqlə oxuyarmış. Xanəndə, musiqişünas alim Vəli Məmmədovla görüşüb Ş.Kürdoğlu ilə bağlı yazılar hazırlayıb mətbuatda işıqlandırdım. Vəli müəllim deyirdi ki, Şahmalının  səsində Xan Şuşinskinin səsinin çalarları var. Səsindən Qarabağ nəfəsi duyulurdu. Ş.Kürdoğlu musiqi ilə yanaşı, ədəbiyyatı, rəssamlığı gözəl bilir, hüquq təhsili almışdı. Həmişə dostlarına deyərmiş ki, gəlib bizdə dincəlin. Əvəzsiz müəllim, “Ağa” kimi xüsusi hörmət bəslənilən  muğam bilicisi və xanəndə Seyid Şuşinski onun müəllimi olub. Bir dəfə xanəndə S.Şuşinskini də Ağdama, Qiyaslı kəndindəki evinə aparmışdı...

Vəli müəllim deyirdi ki, Şahmalı istəsəydi doğma Bakıda yaşayar və sənəti ilə daha uca zirvələri fəth edərdi. Ona dəfələrlə demişdilər ki, evini, Qiyaslını bu müharibə şəraitində tərk eləsin. Amma xanəndənin doğulduğu ocaq, Qarabağ mühiti onu ağuşuna elə almışdı ki, özünü unutmuşdu...

O gün də, nar ağacının yanında sanki ölümünü gözləyirmiş. Deyirlər, xanəndə qan qırmızı, cənnət meyvəsi narın rənginə bürünüb o dünyaya köç edərkən qonşudan onun gözəl avazı gəlirmiş.

 

Fəsillər ötüşüb keçdikcə zaman,

Vaxt olur həyatda dəyişir insan.

Mən səni unudan deyiləm, inan

Sən də, ey gözəl yar,  xatırla məni.

Sən də, ey gözəl yurd, xatırla məni...