Vətən ziyarətindən ikinci yazı
Minkənd çayı boyunca relyef o qədər də da sərt deyil. Söhbət rayonun Ermənistan sərhədi tərəfdən sonuncu dərəsindən və çayından gedir.
Məşhur Zabux kəndindən ta Bozluyacan çay yoxuşa sıralanmış kəndləri – Ağoğlan, Malıbəyli, Qarıqışlaq – biz Aran hesab edirdik. Çünki burda tut, gilas, gilənar, ərik yerişirdi. Güney yamaclarda meşədən çox kollar bitirdi və buralar yay aylarında çox isti olurdu. Laçının məşhur qaratikanları da elə bu isti yamaclarda bitir. Ona görə yol boyu çayın kənarındakı rahat yastanalarda al-əlvan arı yeşiklərinə rast gəlirsən. Qaratikan çiçəkləri solana qədər arılar burda qalacaq, sonra isə meşə massivinin bitdiyi yerə - güllü-çiçəkli çəmənliklərə köçürüləcək.
Yaylaqlar, yəni Alp çəmənliyi Qalaça kəndinin yoxuşundan başlayır. Öz sərtliyi ilə təkcə sürücülərə deyil, texnikaya da qan udduran məşhur “Qalaça padyomu” bərk qar yağanda tamam keçilməz olur, yük maşınları traktorların köməyi ilə qalxır. Yol dərənin elə bir yerindədir ki, qış vaxtı çoxlu qar yığılır. Üstəlik yoxuşun düz ortasında sərt bir döngə var. İndi yaylağa heyvan gətirən qoşqulu yük maşınları da burda yükünü tökməli olur. Heyvanlar qalan yolu öz ayağı ilə gedir.
Laçının yaşıl okeanı xatırladan yaylaqlarına çatar-çatmaz səni əzəmətli İşıqlı dağı qarşılayır. Yay-qış başında qar olan uca zirvələr bizim uşaqlıq qibləgahımızdır. Xüsusən beş-altı kilometr sağda yerləşən Qarakeçdi kəndindən bütün möhtəşəmliyi ilə görünür. Azərbaycanı çox gəzmişəm, amma hansısa dağa Qarakeçdi kimi tamaşa edən kənd görməmişəm. Bütün evlər üzü İşıqlıya tikilib. Çölə çıxan istənilən kənd sakini ilk dəfə bu əsrarəngiz mənzərəni görür. Belə fərqli coğrafiya insanların xarakterində öz əksini tapıb. Qarakeçdi camaatı Laçında qorxmaz, igid, sözünü deyən və dizibərk camaat kimi tanınır.
Minkənd kəndi Qarakeçdi ilə İşıqlının arasında – dağın dibindəki dərələrdə yerləşir. Bu kəndi bütöv görmək üçün mütləq dronla baxmalısan. Çünki hər dərədə bir məhəllə yerləşir. Bəlkə, elə adı da burdan götürülüb. Yəni baxanda sanki bir kənd yox, min kənd görürsən. Kəndlə İşıqlı arasında zümrüd meşəli, çoşqun çaylı, büllur bulaqlı Abadxeyir dərəsi uzanır. İndi öz adı kimi həm Abad, həm də Xeyirli Abadexeyir... Yan-yörəsində obalar, arı təsərrüfatları, qoyun sürüləri, naxırlar, ilxılar... Baxdıqca istər-istəməz içində pıçıldayırsan: “Allahın bu gününə şükür”.
Məşhur Minkənd İstisuyu da buradadır – Abadxeyirdən aşağı, dərənin içində. İki yerdən gur suyu ilə qaynayıb çıxan bu təbiət möcüzəsi doğrudan da Tanrının hədiyyəsidir. Hələ sovet vaxtı tikilmiş hovuzların birində adamlar çimir, digərində su doldurur. Dərə boyu yeyib içmək və istirahət etmək üçün çardaqlar tikilib. Nə vaxt gəlsən İstisuda çoxlu adam görərsən. Tanış-biliş ən çox burda rastlaşır. Yaxındakı kafelərdə ətirli kəklikotu çayı, baldırğan tutması və qızıl balıq da tapmaq olar.
Minkənddən Kəlbəcərə doğru dikləşən yol – köhnə yol da burdan idi – kəndin qaşından burulub Qarasu düzünə qalxır. Bura çatdınsa, artıq yaylaqdasan. Ətrafda bir ağac, bir kol görünmür. Göz işlədikcə düzənlik, otluq, güllük və çiçəklikdir. Laçınlıların şoşan dediyi qəribə bitki də burda bitir. Şoşanın elmi adını bilmirəm. Guglda da axtarıb tapa bilməmişəm. Təzə dərdiyin vaxt soyub yeyirsən, lakin duzlu suya qoydunmu, soymağa ehtiyac qalmır. İnanılmaz dadı vardır.
Qarakeçdi kəndi Qarasu düzünün qurtaracağındakı o qədər də hündür olmayan dağın ətəyindədir. Niyə o qədər də hündür olmayan deyirəm, çünki burada relyefin özü hündürdür. Tədricən gəldiyin üçün nə qədər qalxdığının fərqinə varmırsan. Təsəvvür edin, bu kənd Şuşa şəhərinin ən hündür yerindən azı 300 metr yuxarıdadır. Dəniz səviyyəsindən haradasa 2000-2500 m yüksəklikdə... Yadımdadır, Laçında bütün ətraf kəndlər “yüksəklikpulu” deyilən əlavə müavinəti 20 faiz, Qarakeçdi 30 faiz alırdı. Yazı, yayı, hətta payızı çox gözəl olsa da, qış aylarında burada yaşamaq asan deyildi. Kənddə qaz yox idi. Çoxlu qar yağır, güclü küləklər əsirdi. Həm də yerləşdiyi coğrafiyaya görə qış xeyli uzun çəkirdi. Noyabrın axırlarından aprelin ortalarınacan.
Anam Qarakeçdidən olduğu üçün bu kəndi kifayət qədər yaxşı tanıyıram. Lakin birinci gələndə iki yüz evlik kənddə mənə tanış bircə daşa, bircə divara rast gəlmədim. Yaxşı ki, ətrafdakı dağları unutmamışdım. Yoxsa uşaqlığımın keçdiyi həyəti – babamın evini tapa bilməyəcəkdim.
Evlər yerlə yeksan olmuşdu. Bircə dənə salamatı yox idi. Ancaq babamın dağda çıxan xınalı daşlardan öz əlləri ilə çəkdiyi bir metrlik hasar olduğu kimi dururdu. Bir daşı belə tərpənməmişdi. Kənddə mənə doğma gələn bircə bu hasar idi. Qalan nə varsa necə dəyişmişdisə, inanmaq olmurdu.
Həm də mən bura ilk dəfə gələndə qış idi. Evlərin xarabalığındakı daşlar qapqara – torpaq rəngində görünürdü. Sanki kənd qaş-qabağını töküb ağlayırdı.
İndi isə evlər yaşıl dənizin ortasında ağaran balaca adacıqları xatırladırdı. Divarlar uçsa da adamın üzünə gülürdü. Babamgilin həyətində ot sinəmdən yuxarı qalxırdı.
Üstəlik kənddə maşınlar, arılar və heyvanlar gözə dəyirdi.
Qarasuda təzə kəşf olunmuş çınqıllıqda güclü iş gedirdi.
Köhnə köç yolu Qarakeçdi ilə Minkəndin arasından – Qarasu düzündən keçirdi. Söhbət aran camaatının öz ayağı ilə yol gələn qoyun sürülərinin, naxırlarının, ev ayın-oyunu yüklənmiş at, ulaq və dəvələrinin keçdiyi el yolundan gedir. Sonralar evlər maşınla gəlirdi, amma heyvanları yenə qarşılarında sürərək gətirirdilər. Çoban və naxırçılar bir həftə, on gün yollarda qalırdı.
Hələ buradan uzaq yaylaqlara – Sarı yerə, Pəri çınqılına, Dəlidağa azı bir-iki günlük yol vardı. Müharibə başlanmamış tərəkəmələrin bir qismi Ağdamdan Ağdərəyə keçir, oradan Dəlidağa doğru qalxırdılar. Ağcabədi, Beyləqan, İmişli tərəkəmələri isə Şuşadan Laçına keçirdilər. Müharibə başlayanda yollar çətinləşdi. Laçın-Kəlbəcər yaylaqlarına cənubdan Cəbrayıl-Qubadlıdan keçərək, şimaldan isə Murov dağını aşaraq gəlirdilər.
Ermənistan Respublikasının sərhədlərinə daxil olan yaylaqlar öz yerində, üstəlik Laçın ərazisində də erməni yaylaqları vardı. Əlbəttə, burda yaylayanlar keçmiş Dağlıq Qarabağda yaşayan, yəni Azərbaycan vətəndaşı olan ermənilər idi. Onlar qışlağın da, yaylağın da ən gözəlində məskunlaşmışdılar. Münaqişə başlayanda Azərbaycanda yaşayan ermənilər bu yaylaqlara gəlmədilər. Otlaq və biçənək sahələri xeyli genişləndi.
44 günlük Zəfər Müharibəsindən sonra çəkilən məşhur Laçın-Kəlbəcər magistralı da Qarasu düzündən – Qrakeçdi kəndinin altından keçir. Yol sağa burularaq “Əsli-Kərəm” bulağının üstündən adlayıb sola dikləşir, artıq heç bir kənd-kəsək olmayan ucsuz-bucaqsız yaylaqlara üz tutur. İnsanlar atla, lap belə “Niva” və ya “UAZ” tipli maşınlarla bir neçə saata qət etdikləri yolu bu magistralın sayəsində on beş-iyirmi dəqiqəyə gedirlər. Keçilməz dağlar, dərələr inanılmaz dərəcədə əlçatan olub.
“Əsli-Kərəm” bulağının adı təsadüfi deyil. Rəvayətə görə, qızı Əslini Gəncə xanının oğlu Kərəmdən qaçıran Qara keşiş Türkiyəyə gedərkən yolustu buralarda olmuş, bir neçə gün qalmışdı. Lələsi ilə birlikdə onu təqib edən Kərəm gecələrin birində bu bulağın üstündə Əsli ilə görüşməyə imkan tapmışdı.
Bulağın üstündən bu sehrli əhvalatın ovsunu ilə keçirik, lakin bizi gözlənilməz bir kədər hissi də çulğayır: bulağın suyu quruyub! Halbuki iki il əvvəl kifayət qədər gur axır, yolun kənarındakı dəmir novu doldurur, insanlar bir yana, heyvanlar da doya-doya içirdilər.
Çobanların biri bizə təskinlik verir. Deyir, əslində su qurumayıb, sadəcə torpağa batıb, eşib çıxarmaq mümkündür. Arx yerində ordan-burdan gözə dəyən balaca gölməçələr onun sözlərini təsdiq edir.
Adam heç inana bilmir ki, boş qalmış bu novdan beş-altı yüz addım aşağıda saysız-hesabsız bulaqlar və böyük bir çay var.
Kəlbəcər magistralı “Gaz” dediyimiz yerin tinindən sola burulur, başqa bir yol isə düzünə gedib dərəyə yenir. Düzünə gedən yolun azacıq aşağı meylləndiyi yerdə üstünə ağ hərflərlə “Ağbulaq kəndi” yazılmış tünd mavi lövhə basdırılıb. Bura mənim doğulduğum kənddir. İndi Ağbulaqda iyirmi-otuz ev var. Hamı öz həyətində alaçıq qurub doğma yurdda yaşamağın dadını çıxarır.