26.12.2024, 20:31
AZ EN
15.06.2023, 10:00

Azərbaycan mənim ürəyimdir!

Mina RƏŞİD

Azərbaycan mənim ürəyimdir!

Azərbaycan mənim nəfəsimdir!

Azərbaycan mənim həyatımdır!

 

Yəqin ki, bu sözlərin kimə aid olduğunu çoxunuz bilirsiniz. Əlbəttə, bu sözləri demək asandı və onu hər kəs söyləyə bilər. Ancaq bu ürəkdən gələn sözlər insanın bütün qəlbi ilə özünəməxsus şəkildə ifadə ediləndə   könüllərə yol tapır. Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev kimi...

Ümummilli lider Heydər Əliyev fenomen bir insan, böyük şəxsiyyət idi. Məhz o Azərbaycanı qardaş qırğınından, ölkəni parçalanmaq təhlükəsindən xilas etməyi bacardı. Elə buna görə də, adı tariximizə qızıl hərflərlə Xilaskar kimi daxil edildi.

Bu gün də uşaqların “Heydər baba”, böyüklərin “Ulu Öndər”, deyə  öydüyü Heydər Əliyevin adı Azərbaycanın taleyinə, onun keşməkeşli tarixinə qızıl hərflərlə yazılıb. Onun gördüyü bütün işlər xalqın gözü önündə idi. Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi dövr Azərbaycanın qaçqın-köçkün problemləri ilə yükləndiyi, iqtisadi-sosial vəziyyətin çətinliyi, xarici əlaqələrin zəif olduğu bir zaman kəsiyi idi. Ancaq xalq ona inanırdı, bilirdi ki, ölkəni çətin vəziyyətdən ancaq onun güclü iradəsi, uzaqgörən siyasəti və millətinə olan sevgisi çıxara bilər. Bu böyük ürəkli insan, ölkə başçısı Azərbaycana gəlmiş xarici nümayəndələri, dövlət rəhbərlərini özü ilə köçkünlərlə görüşlərə dəvət edirdi. Çalışırdı ki, Ermənistanın Azərbaycana təcavüzünu dünyaya olduğu kimi çatdırsın, onlar həqiqəti öz gözləri ilə görsünlər və erməni yalanlarına uymayıb haqqın, ədalətin yanında olsunlar...

Bu böyük insan tez-tez köçkünlərlə görüşürdü. Deyirdi ki, mən həmişə Sizinlə birlikdəyəm. Qəlbən  Sizinlə o çadırlarda, vaqonlarda mən də yaşayıram. Sizə  dəyanətinizə, dözümünüzə görə minnətdaram. Sizin dəyanətinizə  güvənirəm... Təkcə sözdə deyil əməldə də, daim onlarla birgə olan ölkə başçısını yurdundan didərgin insanlar çox sevirdilər. Onu görən kimi başına toplaşır, dərdlərini, qayğılarını çəkinmədən söyləyirdilər. Müdrik ölkə başçısı onları dinləyir, problemlərini tez bir zamanda həll edirdi. Köçkünlərin qayğısına qalmayan, onların halına yanmayan yerli icra başçılarını, məmurları cəzalandırırdı. İndi də keçmiş məcburi köçkünlər xatırlayırlar ki, bu gün ölkə başçısına bir dərdimizi deyirdik, səhəri gün həmin problem onun sərəncamı ilə həll edilirdi.

Heydər Əliyev çadırlara baş çəkirdi, köçkünlərin həyat şəraitini öz gözləri ilə görür, onların dolanışığı ilə yaxından tanış olurdu. Tez-tez köçkünlərin məskunlaşdığı ərazilərə nümayəndələr göndərirdi.

Heydər Əliyev unikal bir insan idi. Onunla bağlı xatirələrini söyləyənlər deyirlər ki, Ulu Öndər vətəndaşlara qarşı diqqəti, məhəbbəti ilə özünü sevdirməyi bacarıdı. Necə deyərlər, elin şən günlərində qol götürüb oynayar, kədərli günlərində qəlbi onunla bir döyünərdi... O böyük ürəkli insan elə bu səmimiyyətlə də Azərbaycandan dünyaya bir pəncərə açdı. Elə bir pəncərə ki, bu gün də, haqqında dünyaşöhrətli siyasətçilər, ölkə başçıları ağızdolusu danışır, onun dünya siyasətçiləri arasında öz çəkisi və yeri olduğunu xüsusi vurğulayırlar...  

Bütün dahilər kimi onun da yoluna daşlar atıldı. Ancaq ayağına dolaşmağa çalışanlar özləri dolaşığa düşüb bir küncə çəkilməyə məcbur oldular.

Azərbaycan isə inkişaf elədi, ölkədə iqtisadi-sosial vəziyyət dəyişdi, mədəni həyatda çoxlu uğurlar qazandı. Dünyada söz sahibi oldu. Heydər Əliyev böyük dövlətlərin başçıları ilə dostluq münasibəti quraraq onlara Azərbaycanı tanıtdı.

Onun üçün hər addım Azərbaycanın gələcəyinə hesablanmışdı. Elə indi də bu dahi insanın ideyaları bizimlə yaşayır. Belə ki, Ulu Öndərin siyasi kursunun yetirməsi olan ölkə başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzla qələbə qazandı və ata vəsiyyətini yerinə yetirməklə bu böyük insana olan mənəvi borcumuzu yerinə yetirdi.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun canından artıq sevdiyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında   quruculuq işləri sürətlə həyata keçirilir. Keçmiş məcburi köçkünlər artıq öz doğma ocaqlarına qayıdırlar.