27.07.2024, 09:47
AZ EN
12.05.2023, 10:37

Öz torpağımızda öz qanımız tökülür…

Şərif AĞAYAR

  • Azərbaycan ordusu növbəti şəhidini verdi. Həm də Zod kəndi istiqamətindən atılan atəşlə... Orxan Elxan oğlu Novruzəlizadə... Ruhu şad olsun.

Artıq qonşularımız tərəfindən məcburi cəlb olunduğumuz hərbi münaqişə dövlət sərhədlərində davam edir. Əlbəttə, bu, Qarabağ münaqişəsi tarixində görünməmiş miqyas dəyişikliyidir. Əgər üç il öncə təmas xətti Lələtəpə və Talışşdğda idisə, indi ölkə sərhədinə qədər ağlagəlməz məsafə qət etmiş, Laçın yolunda məntəqəsi yaradaraq ərazimizin suverenliyini, demək olar ki, təmin etmişik. Qarşıda həll olunası iki vacib məsələ qalır: birincisi –Xankəndindəki separatçıları yaxalayıb məhkəmə qarşısında otuzdurmaq, ikincisi – dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını başa çatdırmaq.

Lakin talesizlikdən bu gün bir nəfər həmvətənimizin şəhid olunması ilə nəticələnən atəş də bizə öz torpaqlarımızdan açılır. Həm də necə torpaqlar. Söhbət doğmadan doğma Göyçə mahalından gedir...

Tarixə qısa bir nəzər salsaq, gerçəkliyi daha dəqiq görmüş olarıq.

Bildiyiniz kimi, 19-cu əsrin əvvəllərində Azərbaycan torpaqlarının əsas hissəsi Rusiya imperiyası tərəfindən işğal edildi. Gəncə, Qarabağ, Şəki, Bakı xanlıqları qan içində boğuldu. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlığından başqa Arazdan şimalda yerləşən bütün torpaqlar Rusiyaya verildi. Paradoksa baxın. Həmin vaxt ruslar Göyçə mahalının da Qarabağ xanlığına daxil olduğunu iddia edərək bu ərazilərə qoşun çıxardı. O zaman İrəvana rəhbərlik edən Hüseyn xan imperialist iddiaların qarşısını almaq üçün həm Göyçə ərazisində hərbi düşərgə salmış, həm də İran sarayından Göyçə mahalının İrəvan xanlığına məxsus olması ilə bağlı rəsmi sənəd almışdı. O zaman Tehran taxtında qacar tayfasının nümayəndəsi Fətəli şah otururdu. Lakin o, ölkəsini İran şaənşahı kimi idarə edir, Hüseyn xanla (o da qacarlardan idi – müəl.) qohumluqdan yararlanaraq əslində müstəqil olan İrəvan xanlığını öz təsirində saxlamağa çalışırdı. Rusiya imperiyasının nizami ordusu qarşısında duruş gətirmək üçün Hüseyn xan da bu əlaqələrdən yararlanır, eyni zamanda Fətəli şahın yanındakı nüfuzundan istifadə edib həm də kifayət qədər müstəqil siyasət yürüdürdü.

Təsəvvür edin, həmin vaxt soydaşlarımız tamam əks cəbhədən – İrəvan tərəfdən Göyçənin müdafiəsinə qalxırdılar, indi isə biz keçmiş Qarabağ xanlığının ərazisindən üzü Göyçəyə müdafiə olunuruq.

Hadisənin baş verdiyi Zod kəndi də, heç şübhəsiz, tarixi Azərbaycan torpağıdır. Kəndin adı bir neçə dəfə dəyişdirilsə də, burada həmişə azərbaycanlılar yaşayıb. Sadəcə İrəvan xanlığı Rusiya tərəfindən tamam işğal ediləndən sonra xanlığın ərazisini Ermənistan vilayəti adlandıraraq tamam erməniləşdirdilər. Lakin rusların köçürülmə, ermənilərin soyqırımı siyasəti nə qədər geniş vüsət alsa da, azərbaycanlılar bu ərazilərdə ötən əsrin 80-ci illərinəcən qalmaqda idilər. O cümlədən axar-baxarlı, gözəl təbiətə və zəngin təbii sərvətə malik Zod kəndində...

1987-ci ildə tamamilə dağıdılan vaxt Zod kəndində 3 min nəfərə yaxın azərbaycanlı yaşayırdı.

Əlbəttə, tamam köçürülənə qədər Zod kəndinə dəfələrlə erməni hücumu olmuşdu. Bunların ən dəhşətlisi 1918-ci ildə törədilən qətliamlar idi. Bu tarix təsadüfi seçilməmişdi. Həmin il Azərbaycanda müstəqil milli dövlət – Xalq Cümhuriyyəti yaranmışdı. Nə qədər bu ərazilər rus işğalında idi, heç bir milli münaqişə törədilmir, sakitcə köçürülmələr həyata keçirilirdi, elə ki, Azərbaycanda xalq cümhuriyyəti quruldu, erməni ekstremistləri silaha sarılıb açıq hücuma keçdilər. Hətta bunun üçün xaricdən erməni əhali ilə yanaşı hərbi birləşmələr də gətirildi.

Məşhur erməni sərkərdə Andronik əvvəlcə Naxçıvanın, sonra Zəngəzurun baş bəlasına çevrilmişdisə, Silikov da Göyçədəki dinc əhalinin qanına susamışdı. İş o yerə qalmışdı ki, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov qardaşı Sultan bəyin yaxından köməyi sayəsində Qarabağ və Zəngəzurun müdafiəsi ilə yanaşı Kəlbəcər və Göyçəyə də əl uzatmaq məcburiyyətində qalmışdı. Çünki hər iki qaniçən erməni sərkərdə yüzlərlə kənd dağıdıb minlərlə azərbaycanlını qətlə yetirmiş, qış aylarında dinc əhalini evlərindən qovaraq qarın-çovğunun ağuşuna atmışdılar. Kəlbəcərdən bir neçə dəfə nümayəndə gedib Xosrov bəylə görüşmüş, kömək istəmişdi. Belə bir vəziyyətdə Laçından Qara Murtuza adlı bir bəy öz yaxın qohumları və silahdaşları ilə Kəlbəcərə köçmüş, orada məskunlaşaraq erməni hərbi birləşmələrinə qarşı müdafiə təşkil etmişdilər. İndi Kəlbəcərlə Laçının adları eyni olan kəndləri bu vəsilə ilə yaranmışdı: laçınlılar yaşadıqları yeni ərazilərə öz doğma kəndlərinin adını vermişdilər.

Zəngəzur və Göyçə xalqının igidliyi nəticəsində Silikovun qoşunu darmadağın edilmiş, özü isə qətlə yetirilmişdi. Oxşar taleyi Abdronik də yaşamış, lakin bir az hiyləgər çıxıb ölümdən canını qurtara bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Rusiya yenidən öz erməni dindaşlarına hədiyyələr etmiş, Zəngəzurun bir hissəsini, Göyçəni isə bütövlükdə onlara bağışlamışdı. Buna görə də Ermənistan SSR-in ərazisi İrəvan xanlığı ərazində yaradılan müstəqil Ermənistan Respublikasının ərazisindən qat-qat böyük idi. Zod da Göyçə mahalının digər azərbaycanlı kəndləri ilə birlikdə qızıl sinidə Ermənistan SSR-ə hədiyyə olunmuşdu. Lakin azərbaycanlı əhalinin burada yaşamasına icazə verilmişdi.

Azərbaycanda milli azadlıq hərəkatı başlayanda və SSRİ süquta doğru gedəndə Göyçə və Qərbi Zəngəzurun işğalı tamam reallaşdı – orada yaşayan sonuncu azərbaycanlılar da öz dədə-baba yurdundan qovuldu...

Azərbaycanlıların Zodda yaşadığı sonuncu il, yəni 1987-ci ildə kənddə bir toy məclisi keçirilib və videolentə alınaraq sonralar yutub platformasına yerləşdirilib. Həmin videomateriala baxanda bu kəndin necə orijinal, koloritli, maraqlı bir Azərbaycan kəndi olduğunu aydınca görmək olur. Bütün toy adətləri, kişi, qadın, uşaq və qocaların geyimi, hətta rəqsi Laçın və Kəlbəcər kəndlərinin tamamilə eynidir.

Zodda doğulan və yetişən sənətkarlar, alimlər, tanınmış ictimai-siyasi xadimlər də deyilənləri dönə-dönə sübut edir. Misal üçün, Zodlu Abdullanın adını çəkə bilərik. El şairi kimi misraları dillərdə dolaşan bu mübarək kişi həm də Usta Abdulla kimi tanınır. Çünki o həm də xarratlıqla məşğul olurdu və bu işin ustası kimi yaxın-uzaq coğrafiyada tanınırdı. 

Usta Abdulla da ermənilərin əlindən məşəqqətli tale yaşayıb – öz yurdundan didərgin düşərək Gəncəyə gəlib və ömrünün sonuna qədər geri dönə bilməyib.

Zod həm də özünün qızıl mədənləri ilə məşhurdur. Həmin mədənlərin əsas hissəsi Kəlbəcər ərazisinə düşür. Kəlbəcərlə Göyçəni birləşdirən magistral yol da Zod aşırımından keçir. Bura həm də hələ sovetin vaxtından dəmiryolu çəkilmişdi.

Zoddan atəş açılır və azərbaycanlı oğlu şəhid olur. Bu güllə qəlbimizi yaralamaqla yanaşı həm də tarixi yaddaşımızı oyadır. Atılan yer də bizim, hədəfə alınan yer də, şəhid olan hərbçi də... Atan isə əlinə hər imkan düşdükcə bu ərazilərə soxulan bədnam qonşumuşdur. Hadisələri zaman baxımından geniş rakursdan baxanda istər-istəməz içimizdə sual doğur: bu məşəqqətin bir sonu gələcəkmi? İllah da torpağımıza edilən iki yüz illik təcavüzün qarşısını almağa gücümüzün və iradəmizin çatdığı bir vaxtda...