26.12.2024, 19:56
AZ EN
26.04.2023, 08:00

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə

Sabit ƏZİMOV

  • Müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ərəfəsindəyik. Onun parlaq, zəngin və şərəfli həyat yolu, bənzərsiz siyasi və dövlətçilik fəaliyyəti, xalqa bağışlanmış ömür yolu bir daha təsdiq edir ki, ulu öndər hələ sağlığında xalqın qəlbində özünə abidə ucaltmışdır. Nə qədər zaman keçsə də, Heydər Əliyev şəxsiyyəti, onun bütövlükdə Azərbaycanda qurub-yaratmaq missiyası qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaqdır, onun irsi gələcək nəsillərə xəzinədir.

Heydər Əliyev haqqında layiq olduğu çox qiymətli fikirlər söyləsək, yenə də azdır. Dahi şəxsiyyətin ömür yolu, dövlət başçısı olaraq keçdiyi keşməkeşli, uzun, çətin dövrlər ərzində o, hər zaman qətiyyətinə, cəsarətinə, iti zəkasına, iradəsinə, əyilməz vüqarına arxalanaraq qarşısında olan bütün maneələrdən uğurla keçməyi, mübarizə apararaq qalib olmağı bacardı.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi, bu vəzifəyə qədər respublika DTX-sının sədri kimi məsul vəzifədə işləməsi təsdiq edir ki, o, hələ SSRİ dövründə fenomen şəxsiyyət, qabiliyyət və bacarıq sahibi olduğunu təsdiq etmişdir. 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1987-ci ilin sonuna kimi SSRİ Nazirlər Sovetinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü olarkən H.Əliyev dünya miqyasında tanınmış liderlərin sırasında özünə yer tutmuş, onun bütün yüksək keyfiyyətləri diqqət mərkəzində olmuşdur. Dünyanın güc mərkəzləri kimi tanınan dövlətlərin başçıları, beynəlxalq təşkilatların rəhbərləri Heydər Əliyevi siyasi lider olaraq birmənalı olaraq qəbul edirdilər, hətta bir sıra beynəlxalq məsələlərin həlli üçün onun məsləhətinə ehtiyac duyurdular.

Heydər Əliyev özlüyündə zəngin təcrübə məktəbi idi, onun rəhbərliyi altında xüsusi idarəetmə təcrübəsi keçmiş kadrlar siyasi və iqtisadi sahələrə uğurla rəhbərlik edirdi, hazırda da davam edir.

Hələ Moskvada işləyərkən SSRİ kimi böyük dövlətin dövlət proqramlarını həyata keçirmək ona həvalə edilirdi. Bir faktı xatırlatmaq istəyirəm ki, Sovet dövründə ən böyük - uzunmüddətli layihələrdən hesab edilən Baykal-Amur magistralının çəkilməsində yaranan çətinlik zamanı bu işin ağırlıq mərkəzi və məsuliyyətini bütövlükdə öz çiyninə alan Heydər Əliyev birbaşa layihənin dayandığı ünvana yola düşmüş, özünəməxsus fitri istedadı sayəsində çətin işin uğurla başa çatdırılmasına nail olmuşdur.

Azərbaycanımızın 1969-cu ildən başlayaraq keçdiyi inkişaf yoluna nəzər saldıqda görürük ki, aqrar sahədə, sənayedə, elm, təhsil, səhiyyə, mədəniyyət və qalan bütün sferalarda H.Əliyevin uğurlu imzası təsdiq olunmuşdur. O dövrləri xatırlayanlar yaxşı bilirlər ki, respublikamızda üzümçülük və şərabçılığın, pambıqçılıq, taxılçılıq və kompleks heyvandarlığın inkişaf etdirilməsi üçün dövlət səviyyəsində proqramların qəbul edilməsinə nail olan Heydər Əliyev qısa bir müddətdə Azərbaycanın adını ən yüksək səviyyədə tanıtdıra bildi, əmək-zəhmət adamların həyat şəraitinin yaxşılaşmasına nail oldu. Onun dövründə üzüm istehsalı keçmiş ittifaq səviyyəsində ən yüksək həddə çatdırıldı, 2.5 mln. ton istehsala nail olmaq hədəflənmişdi. Taxıl istehsalının həcminin milyon tondan yuxarı olması aqrar sahənin inkişafı baxımından çox yüksək nəticə hesab edilirdi. İqtisadiyyatın digər sahələrinin inkişafı da dinamik xarakter daşıyırdı. Respublikanın elə bir sahəsi yox idi ki, orada tikinti, quraşdırma, yeni iş yerlərinin açılması, elm, mədəniyyət müəssisələrinin yaradılması hiss olunmasın. Təbii ki, bütün bunlar H.Əliyev dühası, onun dəqiq və uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Paytaxt Bakı və bir sıra iri şəhərlərdə fabrik, zavodların, xidmət sahələrinin inkişafı, yeni iş yerlərinin yaradılması, insanların mənzil-məişət şəraitinin, istirahətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər, elm-təhsil müəssisələrinə yeni baxışın formalaşdırılması, respublikanın hüdudlarından kənarda gənclərin təhsil almasına şərait yaratmaq baxımından H.Əliyevin misilsiz xidməti olmuş, vaxtilə mövcud olan bünövrə bu günümüzdə də Azərbaycan dövlətinin möhkəm təməl üzərində inkişafına tam şərait yaratmışdır. Xüsusilə vurğulamaq istəyirəm ki, bütün işlərə memarlıq etmək də onun nəzərindən qaçmamışdır. Əlbəttə, bütün görülmüş işlər haqqında nə qədər məlumat versək, görərik ki, onun canlı həyatı bütövlükdə Azərbaycan Respublikasına, müstəqilliyi bərpa edilmiş dövlətimizə həsr olunmuş, özünün qeyd etdiyi kimi “ömrünün qalan hissəsini də xalqına bağışlamışdır”. Azərbaycanın xilaskarı missiyasını öz üzərinə götürüb ən yeni tarixini formalaşdıran, Əsrin müqaviləsini imzalamaqla beynəlxalq neft-qaz sahəsində əməkdaşlığın perspektivləri ilə yeni bir dövrün başlanğıcının əsasını qoyan H.Əliyev bu günümüz və sabahımızı yaxşı görürdü. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra vətəndaş müharibəsinin qarşısının alınmasına yönəltdiyi tədbirlər nəticəsində Azərbaycan dövlətinin möhkəmlənməsi və əbədi olmasının təməlini Heydər Əliyev qoydu və həyatına, dövlətçiliyimizə qarşı xaricdən məqsədli şəkildə yönəldilmiş terrorla mübarizədə qalib olmağı bacardı. Haqlı olaraq, bu gün yaşadığımız müstəqil Azərbaycan dövləti onun şah əsəri hesab edilir.

Heydər Əliyev doğulub boya-başa çatdığım Ağdam rayonunun hərtərəfli inkişaf etməsi üçün hər zaman diqqət və qayğı göstərmiş, rayonun potensial imkanlarını yüksək qiymətləndirmiş, respublikada aqrar rayon olaraq yüksək nəticələr əldə edilməsi üçün daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd etmişdir. O, 1970-1981-ci illərdə beş dəfə Ağdama səfər edərək rayonun bütün sahələrində qazanılmış nailiyyətləri yerindəcə qiymətləndirmiş, daha böyük uğurlar əldə edilməsinə şərait yaradan dövlət proqramlarının qəbul edilməsinə nail olmuşdur. Elə bunun nəticəsidir ki, Ağdam rayonu istər intensiv, istərsə də ekstensiv inkişaf modeli üzrə özünü təsdiq edərək kənd təsərrüfatı məhsullarının istehsalı üzrə respublika və ümumittifaq miqyasında birincilər sırasında olmuşdur. Rayonun 33 kolxoz və sovxozlarında üzümçülük, pambıqçılıq, taxılçılıq sahəsində hər hektardan alınmış məhsulun sentner göstəriciləri keçmiş ittifaq sahəsində liderliyi təmin etmişdir. İldə 100 min tondan artıq üzüm, 40 min tondan artıq pambıq və taxıl istehsal edən Ağdam rayonunun əldə etdiyi nailiyyətlər rayonun sosial- iqtisadi inkişafına çox müsbət təsir göstərirdi, nəticədə zəhmətkeşlərin real gəlirləri artır, sosial vəziyyət əsaslı şəkildə dəyişirdi. Ağdamın şəhər statusu almasında siyasi-iqtisadi cəhətdən inkişafı da əsas amillərdən idi. Respublikamızda heyvandarlığın kompleks əsaslarla inkişaf etdirilməsi, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, rentabellik istiqamətində Ağdamda görülmüş işlər H.Əliyev tərəfindən yüksək qiymətləndirilirdi - qısa bir dövrdə ətlik və südlük komplekslərin yaradılmasına nail olunmuşdu. Ağdam Kökəltmə birliyinin yaradılması qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi mərkəzinə çevrilmişdi. Keçmiş ittifaq miqyasında kompleksdə istehsal və emal sənayesinin vahid mərkəzdə cəmlənməsi praktik olaraq Ağdamda həyata keçirilmiş, Çullu heyvandarlıq birliyi ən nümunəvi sahəyə çevrilmişdir. Bir faktı xüsusi qeyd etməyi vacib hesab edirəm ki, qoyunçuluqda hər 100 başdan 150-160 bala alınmış, seleksiya nəticəsində əldə edilmiş uğurlu göstərici Ağdam rayonunda mümkün olmuş, yetişdirilmiş hər başdan 70 kq ət alındığını Sov.İKP MK-nın nümayəndəsi də təsdiq etmişdir, çoban Əli məktəbi qabaqcıl təcrübə mərkəzinə çevrilmişdir. Respublikamızda ilk dəfə olaraq əkinçilik məqsədi ilə istifadəyə yararlı, lakin suvarmaya ehtiyacı olan Ergi düzü adlanan ərazidə özü hərəkət edən Kuban suvarma qurğusunun tətbiqi nəticəsində Ağdam rayonu və ətraf rayonların yemçiliklə bağlı ehtiyacı tam ödənilmiş, nəticə etibarı ilə süd və ət məhsullarının istehsalı üzrə rekord nəticələr əldə olunmuşdur. İpəkçiliyin inkişafında Ağdam barama toxumu və tədarükü zavodu, ət kombinatı, süd emalı zavodu geniş istehsala malik idi. Qarabağ atlarının dünya şöhrətli göstəriciləri nəzərə alınaraq Ağdam Atçılıq Zavodu yenidən qurulmuş, təmiz qanlı atların seleksiya yolu ilə tərkibi yaxşılaşdırılmışdır. Təbii ki, bütün uğurlu layihələrin həyata keçirilməsində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Ağdama göstərdiyi diqqət və etimad xüsusi əhəmiyyətə malik idi.

1981-ci ilin yazında Xaçın çayında suyun səviyyəsinin qalxması nəticəsində baş verən təbii fəlakət Ağdam rayonunun "Qarabağ" və Hüsü Hacıyev adına üzümçülük təsərrüfatlarına xeyli ziyan vursa da, rayonun fədakar zəhmət adamları, təsərrüfat və rayon rəhbərliyinin birgə fəaliyyəti nəticəsində ümumi göstəricilər əvvəlki ildə olduğundan daha uğurlu olmuşdur. Bu cür uğura ən böyük stimul verən isə Heydər Əliyevin təbii fəlakət baş verən zaman rayona gəlməsi, əməkçilərin zəhmətinin hədər getməməsi üçün respublikada mövcud olan potensial imkanları rayona yönəltməsi olmuşdur, nəticə etibarı ilə yağış sularından yaranan təbii fəlakət zonasında əlavə bəndlərin bərkidilməsi, axın istiqamətinin dəyişdirilməsi üçün əlavə ötürücü su kanallarının yaradılmasına nail olmaq mümkün olmuşdur. Ağdam rayonunda olarkən şəhərin mərkəzi meydanına yaxın bir ərazidə Əmək Şöhrəti Muzeyinin açılışında iştirak edən Heydər Əliyevin Ağdam ictimaiyyəti, əmək-zəhmət adamları haqqında dediyi xoş sözlər heç vaxt unudulmur.

Ağdam aqrar sahədə inkişaf etməklə yanaşı, eyni zamanda, sənaye-tikinti, nəqliyyat, səhiyyə, ticarət, iaşə, məişət xidməti, mədəniyyət, təhsil, elm müəssisələri, emal birlikləri sahəsində də böyük uğurlara imza atmışdır. Muğamın beşiyi olan Ağdamda musiqi təhsili verən ixtisas məktəblərinin geniş şəbəkəsi mövcud idi. Ağdamın “Qarabağ bülbülləri” ansamblının Kremlin Qurultaylar sarayında tarixi çıxışı da uzaqgörən siyasətin tərkib hissəsi idi.

Ağdam dəzgah tərtibatı, metis-furnitur zavodları, dəyirman-elevator kombinatı, çörək zavodu zamanına görə çox böyük əhəmiyyətə malik istehsal sahələri hesab edilirdi. Böyük miqyaslı layihələrdə hər zaman Heydər Əliyev imzası görünürdü, Ağdam rayonunun hərtərəfli inkişafı üçün onun düşünülmüş strategiyası hər addımda hiss olunurdu. Rayonda dünyada ikinci çörək muzeyinin yaradılması, respublikada ilk uşaq muğam məktəbinin fəaliyyətə başlaması, istirahət mərkəzləri, pansionatların zəhmətkeşlərin istifadəsinə verilməsi, təhsil, səhiyyə müəssisələrinin geniş şəbəkəsinin yaradılması H.Əliyevin təməlini qoyduğu, rayonun hərtərəfli inkişafı üçün nəzərdə tutulmuş ideyaların həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Respublika əhəmiyyətli mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində Ağdam mərkəzə çevrilmişdi.

Tarixi, zənginliyi, fədakar insanların vətəni olan doğma Ağdamın 1993-cü ildə işğala məruz qalması barədə məlumatlıyıq. 1996-cı ildə Heydər Əliyev Ağdamdan məcburi köçkün düşmüş insanların bir qrupu ilə Prezident sarayında keçirdiyi görüşdə Ağdam, onun fədakar insanları, münbit torpaqları, zənginliyi haqqında söylədiyi tarixi nitqində də bir daha bu rayona olan sevgisini, hörmət və ehtiramını bildirmişdir. Elə buradaca qeyd etməyi vacib hesab edirəm ki, 1987-ci ildə Heydər Əliyev Moskvada yüksək dövlət vəzifəsindən azad olduqdan sonra erməni separatçıları, onların havadarları ərazilərimizi işğal etməyə çalışdılar, təbii ki, ən yaxın ərazi olaraq Ağdam rayonu da hədəf seçilmişdi.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra işğala məruz qalmış ərazilərimizin düşmən tapdağından azad olması üçün müəyyənləşdirilmiş strateji xətt onun varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bütün canlı həyatını Azərbaycan dövlətinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün sərf edən ulu öndərimiz Azərbaycanı sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi, torpaqlarımızın işğaldan azad edilməsi üçün zəruri hesab edilən bütün tədbirlərin əsasını qoydu, siyasi kursu müəyyənləşdirərək “bizim etmək istədiyiniz işləri bizim davamçılarımız da davam etdirəcək” deyirdi. Onun uzaqgörənliyi hər sözündə, addımında açıq şəkildə görünürdü.

Bəli, bu gün onun böyük ideyaları uğurla həyata keçirilir, Prezident İlham Əliyevin başçılığı altında müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə qələbə döyüşünə başladığı gün böyük Zəfərin qazanılması ilə nəticələndi, işğala məruz qalmış ərazilərimiz, eyni zamanda, doğma Ağdamımız 2020-ci ilin noyabrın 20-də Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz ərazilərimizdən çıxarılması nəticəsində azadlığına qovuşdu.

Prezident İlham Əliyev cənabları azad olunmuş torpaqlarımızda, o cümlədən, Ağdam rayonunun bərpası ilə əlaqədar geniş layihələrin həyata keçirilməsi üçün yurd yerlərimizə səfər edir, təməl qoymalarda iştirak edir, yeni infrastrukturların yaradılması isə artıq öz bəhrəsini verməkdədir.

Ata vəsiyyətinin yerinə yetirilməsi Heydər Əliyev ideyalarının yenidən qurulan Ağdamda uğurla həyata keçirilməsinə səbəb olmuşdur. Ağdam Cümə məscidinin bərpası, şəhər 1 nömrəli tam orta məktəbin tikintisi, rayonda sənaye texnologiya parkının yaradılması, ekologiya və su ehtiyatlarının yenidən qiymətləndirilərək bərpası, şəhər və ətraf kəndlərin yeni üslubda qurulması, yolların tikintisi istiqamətində uğurlu fəaliyyət onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ağdam öz tarixi şöhrətinə qovuşacaqdır. Ulu öndərin ruhu şaddır, çünki qurucusu və memarı olduğu müstəqil Azərbaycan dövləti indi özünün ən qüdrətli və inkişaf dövrünü yaşayır, bu müsbət inkişaf yolu isə həmişə yüksək qiymət verdiyi Ağdamın yenidən müasir üslubda qurulmasına gətirib çıxaracaqdır. Ən gözəl şəhər olaraq bərpa ediləcək Ağdamın mərkəzində ucaldılacaq ulu öndərin abidəsi hörmət və ehtiramın ünvanı olaraq həmişə yad ediləcək, çiçəklənən Qarabağımızda, bütövlükdə Azərbaycanımızda Heydər Əliyevin ideyaları, onun həyat yolu gələcək nəsillərin yoluna parlaq işıq saçacaqdır!