26.12.2024, 20:16
AZ EN
26.04.2023, 09:29

Kinomuzun inkişaf perspektivində Qarabağ

Şərif AĞAYAR

  • Ötən həftə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu keçirilib. Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə dövlət və hökumət nümayəndələri, kino ictimaiyyətinin və media nümayəndələrin iştirak edirdi. Forumda Milli kinomuzun vəziyyəti ilə bağlı müxtəlif panellər təşkil olundu: çoxsaylı çıxışlar, aktual suallar, qızğın müzakirələr...

44 günlük vətən müharibəsindən sonra Azərbaycan yeni bir tarixi dövrə qədəm qoyub. Laçın rayonunda Ermənistan ilə sərhəddə, nəhayət, sərhəd-keçid məntəqəmizin yaradılması da bu gerçəyi bütün böyüklüyü ilə bir daha ifadə etməkdədir.

Belə bir tarixi dövrdə istər-istəməz mədəniyyət də, mədəniyyətin ən əhəmiyyətli sahələrindən olan kinematoqrafiya da öz tərəqqisi yolunda yeni səhifələr açır. İllah da Qarabağ mövzusunda yazılan ssenarilər və çəkilən filmlər öz ümumi məzmununa görə dəyişir. Bu ssenari və filmlərə qalibiyyət əhvalı köklənir. Biz bu gün hətta 90-cı illərin məşum məğlubiyyətinə, qaçqınlığa, məcburi köçkünlüyə aid ekran əsərlərinə də qələbə pəncərəsindən baxırıq. Beləliklə, beş-on il əvvəlin filmlərindən tamam fərqli nümunələr ortaya çıxır.  

Kinomuz müstəqillik illərini çox ağır yaşadı. Sovetdən qalma “Azərkinovideo” İstehsalat Birliyi öz dövrünün bir çox idarə və təşkilatları kimi sənəddə mövcudluğunu saxlasa da, gerçəkdə heç bir funksionallığı yox idi. Bu cür istehsalat müəssisələrinin qalması, yaşaması zərər verməyə başlayır. Çünki nə özü iş görə bilir, nə də başqa bir strukturun qurulmasına imkan verir. Nəhayət, ümummilli lider Heydər Əliyev reallığı düzgün qiymətləndirərək “Azərkinovideo”nu bir idarə şəklində Mədəniyyət Nazirliyinin idarəçiliyinə verdi. Bundan sonra Cəfər Cabbarlı adına “Azırbaycanfilm” kinostudiyasında canlanma yaranmağa başladı. Artıq 2000-ci illərin əvvəllərindən filmlər ardıcıl olaraq istehsalata buraxıldı. Sayları sovet zamanındakı kimi çox olmasa da, hər halda filmlər çəkildi, təqdimatlar keçirildi, bir neçə kinoteatr fəaliyyətə başladı, bəzi festivallar təşkil olundu.

Daha sonrakı illərdə müstəqil prodüser mərkəzləri yaranaraq kino istehsalında öz sözlərini dedilər. Nizami Kino Mərkəzi əsaslı təmin edilərək və müasir avadanlıqlarla təchiz olunaraq kinematoqrafçıların ixtiyarına verildi. Ölkə başçısının xüsusi fərmanı ilə Azərbaycan kinosunun inkişaf proqramı təsdiq olundu.

Əslində, kinomuzun vəziyyəti bəzilərinin düşündüyü qədər də pessimist deyildi. Ən azı hərəkət vardı və hərəkət olan yerdə ümidsizliyə qapılmaq doğru deyildir.

Müstəqillik tariximizdə ekrana çıxan filmlərin bir çoxu Qarabağ hadisələri ilə bağlı idi. Ötən əsrin 90-cı illərində istehsal olunmuş “Fəryad” filmindən tutmuş son illər lentə alınan “Yarımçıq xatirələr”ə qədər müxtəlif səviyyəli ekran əsərlərini izlədik. Lakin həm kinomuzun idarə edilməsində, həm də filmlərin ümumi səviyyəsində problem axıracan həll olunmadı.

Bəlkə, elə hər bütün məsələ kinonun idarə olunmasındadır? Azərbaycanda müstəqil kino industriysı formalaşıb başa çatmayıb. İlin-günün bu vaxtı da milli kinomuz öz ayaqları üstündə dayanmağı bacarmır. Buna görə də dövlətin dəstəyinə daima ehtiyac duyur. Müasir qanunvericilikdə isə yaradıcı sahəyə dövlət büdcəsindən birbaşa vəsait ayırmaq olmur. Köhnə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası modeli isə özünü doğrultmur. Çünki kinostudiya ilə bağlı çoxlu açıq suallar var. Bu müəssisə dövlət təşkilatıdır, yoxsa ictimai təşkilat? Büdcədən maliyyələşə bilərmi? Əgər müstəqil kino istehsalı müəssisələri yaranırsa, belə bir quruma ehtiyac varmı? Binası da strukturu kimi köhnələn bu qocaman məbədi sivil qaydalarla fəaliyyət göstərən müstəqil kino emalatxanasına çevirmək daha yaxşı olmazmı? Və sair və ilaxır...

Ölkə rəhbərinin təşəbbüsü ilə yaranan Kino Agentliyi də bu suallara cavab vermək və bu boşluğu doldurmaq üçündür. Lakin bu agentlik hansı prinsiplərlə işləməlidir, film çəkilişləri kimlərə və hansı şərtlərlə həvalə edilməlidir, kinoya dövlət maliyyəsi necə yönəldilməlidir, ümumi desək, bundan sonra Azərbaycan kino industriyası necə qurulmalıdır?

Kinoforum bütün bu məsələlərə aydınlıq gətirmək üçün təşkil olunmuşdu. Suallar üçün mikrofonlar, təkliflər üçün qutular hazır vəziyyətə gətirilmişdi. İştirakçılar da aktivlik göstərir, həm sual, həm təkliflərlə çıxış edirdilər.

Mədəniyyət Nazirliyinin yeni rəhbərinin və Kinematoqrafiya şöbəsinin aidiyyatı əməkdaşlarının iki günlük forumda əvvəldən-axıracan iştirakı, müzakirə, təklif və sualları şəxsən dinləmələri təqdirəlayiq hal idi. Ümid edirik ki, bütün bu cəhdlərin, zəhmətlərin bir nəticəsi olacaqdır.

Forumla bağlı sosial şəbəkələrdə və mətbuatda da müzakirələr getdi və getməkdə davam edir. Daha çox diqqət mərkəzinə gətirilən məsələ müasir kinematoqrafiya ilə müasir ədəbiyyat arasında əlaqənin lazımı səviyyədə qurulmamasıdır. Halbuki təcrübə bu əlaqənin kinoya da, ədəbiyyata da böyük fayda verdiyini göstərməkdədir. İstər dünya, istər Azərbaycan kinosunda ən yaxşı nümunələr ədəbi əsərlər əsasında çəkilib. Dünyada misallar saysız-hesabsızdır, milli kinomuzda isə “Tütək səsi”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “Nəsimi” kimi şedevrləri göstərmək kifayətdir. Bundan əlavə, birbaşa yazılan ssenarilərin bir çoxu yazıçılar tərəfindən qələmə alınıb. Lakin son 30 ildə hansısa maraqlı bədii əsər əsasında çəkilmiş yaxşı filmlər yox dərəcəsindədir. Bəzən deyirlər, ədəbiyyat özü o səviyyədə deyil. Elədirsə, klassik əsərlər əsasında çəkilmiş bir film göstərə bilərikmi? Həm də son illər xüsusən Qarabağ mövzusunda kifayət qədər maraqlı nəsr əsərləri yazılıb, “Dolu” filmi istisna olunmaqla bu bədii əsərlərdən kinematoqrafiyaya cəlb olunanı yoxdur. Çünki müasir rejissorların əksəriyyəti bu nümunələri oxumayıb. Onlara elə gəlir ki, bədii nəsr nümunələri oxumaqdansa, özləri ssenari yazsalar, daha yaxşı olar. Və yanılırlar. Çünki nəticə göz qabağındadır. Anlamaq çətin deyil, hamı istəyir Tarkovski, Trier, Tarantino, Ceylan kimi dünya səviyyəli film yaratsın, amma bu mümkün deyil. Adı çəkilən rejissorları həm də yazıçı, ədəbiyyatçı, hətta şair hesab etmək olar. Bu cür universal istedadlar tez-tez doğulmur. Bizdə isə yerindən duran özünü universal hesab edir və hər şeyi bacardığını düşünür. Yazılan ssenarilərə isə baxanda, adi dialoq qura bilmədiklərini görürük.

Gec-tez bütün sahələr kimi kino da tam müstəqilliyə qovuşacaq və ən böyük uğuru da bundan sonra qazanacaq. İndilikdə isə dövlət strukturları, o cümlədən Mədəniyyət Nazirliyi və dövlətin nəzarəti ilə kinoya dəstək vermək üçün yaradılan Kino Agentliyi yeni dövr ədəbiyyatı ilə işləməlidir. Tərəqqinin ən qısa yollarından biri budur. O ədəbiyyat ki, bütün müasir mövzulara, Azərbaycanın tale yüklü məsələlərinə, eyni zamanda Qarabağ hadisələrinə kifayət qədər həssas yanaşıb. Ədəbiyyatla işləmək təkcə ədəbi əsərləri deyil, yazıçıların özünü də kino istehsalatına cəlb eləmək deməkdir. Bu da yeni-yeni “Nəsimi”lərin yazılması demək olardı...