Məqalədə bu dəhşətli faciə nəticəsində 613 nəfərin həlak olduğu qeyd olunur.
"Qətlə yetirilənlər arasında 63 uşaq, 106 qadın, 70 yaşlı olub. Bundan başqa, daha çox insan əsir götürülüb və bunlardan 150 nəfərin aqibəti hələ də naməlum olaraq qalır", - məqalədə deyilir.
Qeyd edilir ki, britaniyalı yazıçı-jurnalist Tomas de Vaal Xocalı soyqırımından özünün "Qara bağ" kitabında bəhs edib. Xocalı soyqırımı, həmçinin, BBC, Reuters, Le Monde, Financial Times kimi media vasitələrində işıqlandırılıb, azərbaycanlı jurnalist Çingiz Mustafayev isə faciədən dərhal sonra Xocalıya yollanaraq baş verənləri görüntüyə alan şəxs olub. Bütün dünya çəkilən kadrlardan dəhşətə gəlmişdi.
Müəlliflərin də qeyd etdiyi kimi, fotoşəkillərə baxanda həlak olanların bədənlərindəki xəsarətlərin təsadüfi güllə və qəlpə nəticəsində olmadığı, qəsdən yetirildiyi görülür. Mülki şəxslər, o cümlədən, qocalar və uşaqlar heç bir bəraəti olmayan amansız azğınlığın qurbanı olub.
Bu dəhşətli hadisənin bir çox ölkələr tərəfindən kütləvi qətl olaraq tanınmasına baxmayaraq, bu hucüma görə cavabdeh olanlar indiyədək məsuliyyətə cəlb edilməyiblər. Xocalı soyqırımına həsr olunmuş Vikipediya səhifəsində Human Rights Watch qeyri-hökumət təşkilatının mülki əhalinin qətlinə görə birbaşa erməni silahlı qüvvələrinin məsuliyyət daşıdığına dair rəyinə baxmayaraq, 2019-cu ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyanın bu qırğını "ağ yalan" adlandıraraq bunun "azərbaycanlıların özləri tərəfindən törədiliyini" deməsi ilə bağlı "təkzib" əks olunub.
"Təqsirkarların məsuliyyətə cəlb olunmaması, təşkilatçıların və icraçıların öz əməllərinin cinayət olduğunu qəbul etməməsi və heç bir vicdan əzabı çəkməməsi qurbanların qohumlarının və yaxınlarının yadından çıxmayıb. Azərbaycan Qarabağı erməni işğalından azad etdi və orada yaşayan ermənilərlə sülh şəraitində yaşamağa hazırdır. Lakin ermənilərlə sülh əldə olunsa belə, Azərbaycan heç vaxt xalqının taleyinə düşən bu itkilər və acılarla barışa bilməz", - məqalədə deyilir. (Trend)