Sülhməramlılar erməni deputatları məyus edib
Aprelin 12-də Ermənistanın parlamentində müxalifətlə iqtidar fraksiyasının deputatları arasında mübahisə zamanı «Hayastan» və «Badiv unem» fraksiyalarının nümayəndələri növbəti dəfə pafoslu çıxışlardan sonra Qarabağa gedərək Xankəndidəki separatçı quruma lazımi dəstək verəcəklərini bildiriblər. Onlar Azərbaycanın Qarabağ iqtisadi zonasında rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan postda saxlanılıb və sənədləri yoxlanılıb. Rus sülhməramlıları həmin deputatların Azərbaycanın icazəsi olmadan bölgəyə səfərinin qeyri-qanuni olduğunu bildirib və onları buraxmayıb. Aprelin 13-də işini davam etdirən Ermənistan parlamentinin baş nazir N.Paşinyanın da iştirak etdiyi iclasında müxalif deputatlar yenidən populist çıxışlar etməklə diqqəti gündəlikdə məsələlərin müzakirəsindən yayındırmağa cəhd ediblər. Müxalifətçi deputat Vahe Hakopyan aprelin 13-də «lurer.com»a müsahibəsində bildirib ki, iqtidar Azərbaycanla birbaşa əlaqə qurub, daim onlarla məsləhətləşir. N.Paşinyan isə parlamentdəki hər çıxışından sonra yeni ssenari hazırlayır. Onun bu sözləri iqtidarçı deputat Sona Qazaryan tərəfindən təkzib edilib. S.Qazaryan bildirib ki, 30 il ərzində gizlədilmiş həqiqətləri məhz indi üzə çıxarıb xalqa çatdırırıq ki, gizli heç nə qalmasın. «Müxalif deputatlar parlamentdə səs-küy salmaq əvəzinə gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini bildirsələr, aldıqları maaşın əvəzi çıxmış olardı. O ki, qaldı onların rus sühlməramlıları tərəfindən geri qaytarılmasına, parlament sülhməramlıların işinə müdaxilə etmir» - deyə S.Qazaryan onları obyektiv olmağa çağırıb.
Ermənistanda dayaz düşüncəli adamlar var
Brüsseldəki görüşdən və məlum razılaşmadan sonra Ermənistan hakimiyyətinə qarşı mövqeyini daha da sərtləşdirən müxalifət müxtəlif qəzetlərdə və sosial şəbəkələrdə saxta vətənpərvərlik nümunələri göstərərək Ermənistan iqtidarını səriştəsizlikdə və diletantlıqda suçlayır. Onlar bildirirlər ki, bu iqtidar nəinki «artsax»ın, Ermənistanın özünün də təhlükəsizliyini təmin etmək gücündə deyil. Xalqı mitinqə və Paşinyan hökumətinə qarşı barışmaz mövqe sərgiləməyə çalışan müxalifətçilər «Vətəndaş müqaviləsi» fraksiyasının deputatlarının açıqladıqları tutarlı faktlardan belə çəkinmirlər. Bu isə deputat Sona Qazaryanın parlamentdə bildirdiyi kimi, onların özlərinin dayaz təfəkkür və saxta vətənpərvərlik səviyyəsini göstərir.
Rusiya səfiri ermənilərə «dərs keçdi»
«Lurer.com»un aprelin 13-də yaydığı daha bir məlumatda bildirilir ki, Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopirkin Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı tədbirdə hər iki ölkənin strateji tərəfdaş olduqlarından, beynəlxalq tribunalarda bir-birlərini dəstəklədiklərindən danışıb, sonra Rusiya-Ukrayna müharibəsi fonunda baş verən reallıqlara toxunub. Rusiyanın səfiri bildirib ki, təhlükəsizlik sahəsində əməkdaşlıq yeni reallıqlara uyğun aparılmalıdır. Səfirin bu sözləri erməni mətbuatında müxtəlif şərhlərə səbəb olub. Bir çox politoloqlar bildirirlər ki, səfir bu sözləri ilə demək istəyir ki, Ermənistan 44 günlük müharibədən sonra yaranmış reallıqları nəzərə alaraq, Azərbaycanın təkliflərini qəbul etməlidir. Əks halda bölgədə yeni müharibə olacağı qaçılmazdır.
Nikol Paşinyan ifadə verəcək
«Joğovurt» qəzetinin 13 aprel tarixli sayında dərc olunmuş məqalələrdən biri - «Baş nazir sorğu-suala tutulacaq» başlığı ilə diqqəti daha çox cəlb edir. Müəllif yazır ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryanla baş nazir Paşinyanın maraqlı söhbəti olub. A.Koçaryan bildirib ki, parlamentdə 44 günlük müharibənin nüanslarının öyrənilməsi ilə bağlı istintaq komissiyası yaradılıb. Həmin komissiya artıq fəaliyyət göstərir və müəyyən işlər görüb. Nikol Paşinyanın da sözügedən komissiyaya dəvət olunub, izahatının alınması barədə məlumat verilib. «N.Paşinyanı da ifadə verməyə dəvət edəcəyik. O, xahiş edib ki, bunun üçün bir neçə gün öncə ona bildirilsin», - deyə A.Koçaryan Paşinyanı nə vaxt sorğu-suala tutacaqlarının hələ məlum olmadığını bildirib. Komissiya sədri deyib ki, indiyədək müxtəlif faktlar toplanıb. İndi də tədqiqat aparılır, bəzi adamlar sorğu-suala tutulur. Ona görə də baş naziri nə dəvət edəcəyimiz gün dəqiq məlum deyil.
Müxalifət isə vurğulayır ki, N.Paşinyan kapitulyantdır və istefa verərək, həbs olunmalıdır.
Baş nazir müxalifətə ismarıc etdi: həbsxanalar sizi gözləyir
Aprelin 13-də Ermənistanın baş naziri Nikol Paşinyan ünvanına səsləndirilmiş müxtəlif tənqidlərə və təhqirlərə dözümlülük nümayiş etdirdiyini bildirməklə yanaşı onu da bildirib ki, müxtəlif ölkələrdə ən adi təhqirə görə həbs cəzası nəzərdə tutulub və bu həyata keçirilir. Ona görə də bəzi ölkələrdə həbsxanadakı yerlərin 70-80 faizi öz «sakin»lərini qəbul edib. Ermənistandakı həbsxanalarda yerlərin 36,8 faizi isə boşdur və öz sahiblərinin gözləməkdədir. «Belə olarsa, müxalifət layiq olduqları yerdə oturub, növbəti populist ssenari üzərində işləməli olacaqlar», -deyə N.Paşinyan onlara bir daha reallıqla barışmağı məsləhət görüb.
Nəsib QARAMANLI