22.11.2024, 01:40
AZ EN
08.12.2022, 16:20 932

Bursada Şuşa günləri başlayıb...

XƏBƏRLƏR
  • Bu gün Türkiyənin Bursa şəhərində 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Azərbaycanın Şuşa şəhərinin silsilə tədbirlər və proqramlarla təbliğ olunmasına başlanıb. Tədbirlər TÜRKSOY Daimi Şurası tərəfindən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində keçirilir.

"Şuşa günləri"nin bu gün Bursadakı Təyyare Mədəniyyət Mərkəzində açılış mərasimi olub. Açılışdan sonra Qarabağ xanlığının son varisi şuşalı Xurşidbanu Natəvan haqqında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib. Anım proqramı ədəbi-musiqili kompozisiya ilə başa çatıb.

Şuşanın yaradılmasının 270 illiyinə həsr olunan, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin Qarabağ tarixindən bəhs edən “Qarabağnamə” (“Hökmdar və qızı”) pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanmış “Ürəyim Şuşadadır” tamaşası axşam saatlarında Təyyarə Mədəniyyət Mərkəzinin səhnəsində ictimaiyyətə təqdim ediləcək.

Cümə günü saat 17.00-da Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzinin Yıldırım Beyazıt Salonunda Azərbaycanın tanınmış modelyeri Gülnare Xəlilovanın "Qarabağ milli geyimləri” kolleksiyasının təqdimatı keçiriləcək. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəzdində yaradılan və Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən 9-cu Zirvə Toplantısında çıxış edən qadın musiqiçilərdən ibarət “Yeddi gözəl” musiqi qrupu da “Şuşa günləri”nə öz töhfəsini verəcək.

Azərbaycanın dünya şöhrətli fotoqrafı Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” foto sərgisi saat 19-da Atatürk Konqres və Mədəniyyət Mərkəzinin Osmanqazi Salonunun foye sahəsində sənətsevərlərə təqdim olunacaq.

Bursada “Şuşa günləri”nin təşkili “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adının bir şəhərdən digərinə ötürülməsi ilə bağlı yeni ənənəni davam etdirmək məqsədi daşıyır. Belə ki, 2022-ci idə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” məhz bu şəhərdir.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR