Jurnalistin «Ermənistandakı mövcud durumu necə dəyərləndirirsiniz?» sualına cavab olaraq o bildirib ki, siyasətlə məşğul olmur, amma televiziyadan, radiodan, sosial şəbəkələrdən mövcud durum barədə məlumatlıdır. Bu gün İrəvanın küçələrində aksiya keçirən iştirakçıları qınayan erməni müğənni açıq-aşkar bildirib ki, indi ölkədə qarışıqlıq salanlar məhz uzun illər hakimiyyətdə olan və onların tərəfdarlarıdır. Ermənistanın indi əvvəlki vaxtlardan daha zəif olduğunun hər yerdə vurğulandığını bildirən Yorqansi təəssüflə vurğulayıb ki, ölkədə əhali çətin vəziyyətdə yaşayır, bir qrup oliqarx və uzun illər hakimiyyətdə olanlar isə mövcud iqtidarı devirməklə yenidən hakimiyyətə yiyənlənməyə çalışırlar. Radikal müxalifətin dedikləri ilə razılaşmayan fransalı müğənni ölkənin yeni fəlakətlə üzləşəcəyini də istisna etmir. O vurğulayıb ki, «indi Ermənistanda güclü ordu yoxdur və bir neçə on illik ərzində də olmayacaq. Düşmənlər isə güclüdür. Bundan əlavə onun arxasında güclü müttəfiqi var».
Rusiya ilə Ermənistanın münasibətləri barədə sualı cavablandıran erməni müğənni əsil siyasətçi fikirləri irəli sürərək bildirib ki, Rusiya özü Ukrayna ilə müharibədə ciddi problemlərlə üzləşib və erməni müxalifəti ölkəni müharibəyə cəlb edərsə, Rusiya Ermənistana yardım etmək iqtidarında olmayacaq. «Gündə çeynənilən fikirlərə, «arsax»ın statusuna görə Ermənistanı təhlükəyə atmaq olmaz», - deyə fransalı erməni hər bir hadisəyə obyektiv yanaşılmasının tərəfdarı olmaqla bir daha mitinq təşkilatçılarının ölkəni uçuruma aparacaqlarını bildirib.
Nəsib QARAMANLI