"Azərbaycan" pavilyonunun direktoru Səadət Qədirova iki möhtəşəm bayram - Zəfər Günü və Dövlət Bayrağı Gününün qeyd olunduğunu bildirib. “Bugünkü tədbir daha çox gənclərə ünvanlanır. "Şuşa, Sən azadsan!" filminin nümayişi ilə gəncləri Azərbaycan əsgərinin qəhrəmanlığı ilə tanış etmək istəyirik. Bu gün pavilyonumuzda kiçik fotosərgi də nümayiş olunur. Həmin fotolarda Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbəni necə coşqu, sevinclə qeyd etməsi öz əksini tapıb. Eyni zamanda, sərgidə işğaldan azad olunan Şuşada keçirilən ilk “Xarıbülbül” Festivalından maraqlı görüntülər təqdim edilir. Düşünürəm ki, Şuşanın hər bir azərbaycanlının qəlbində öz yeri var. "Şuşa, sən azadsan" filminin nümayişi bizim üçün çox vacib idi", - deyə o vurğulayıb.
Qeyd edək ki, real hadisələr əsasında çəkilmiş film “Baku Media Center”in və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.
Film Azərbaycan dilində nümayiş etdirilib. (AZƏRTAC)