22.12.2024, 05:54
AZ EN
20.04.2022, 07:00 516

Qarabağda aparılan yenidənqurma işləri - Tokioda təqdimat

XƏBƏRLƏR
  • Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən "TET Internatıonal Development Co. Ltd." şirkəti işğaldan azad edilmiş Qarabağda yenidənqurma işlərinə sərmayə qoyuluşu ilə bağlı Tokioda təqdimat keçirib.

Azərbaycanda kənd təsərrüfatına sərmayə yatıran yapon şirkətinin təşkil etdiyi təqdimatda tanınmış yapon iqtisadçısı və keçmiş Baş nazir Juniçiro Koizuminin xüsusi müşaviri Haruo Şimada da iştirak edib.

Təqdimatın əvvəlində "TET Internatıonal Development Co. Ltd." şirkətinin prezidenti, H.Şimadanın iqtisadi təşkilatının aparıcı üzvlərindən biri olan Taro Savada Azərbaycanın tarixi, coğrafi mövqeyi və hazırkı vəziyyəti barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və işğaldan azad edilən ərazilərə yapon şirkətlərinin sərmayə yönəltməsi barədə danışıb.

T.Savada əmin olduğunu bildirib ki, tədbirə qatilan Yaponiya şirkətlərinin nümayəndələri, iqtisadçılar, biznesmenlər və ekspertlər, o cümlədən təqdimatı onlayn izləyənlər Azərbaycanın hazırkı vəziyyəti haqqında geniş məlumat əldə edəcəklər.

Təqdimatla çıxış edən H.Şimada 2014-cü ilin iyulunda Bakıya səfər etdiyi vaxtdan bəri Azərbaycanın sosial-iqtisadi inkişafını diqqətlə izlədiyini, ötən dövrdə bu ölkənin siyasi və iqtisadi sahədə dinamik şəkildə inkişaf etdiyini bildirib. H.Şimada 30 ilə yaxın erməni işğalı altında olan Qarabağın yenidən qurulması planı və yapon şirkətlərinin Azərbaycanın bu regionuna investisiya yönəltməsinin əhəmiyyəti haqqında ətraflı məlumat verib. Görülən işlərin yalnız razılıq hissi doğurduğunu və onun Azərbaycana rəğbətini artırdığını xüsusi qeyd edib. O, 2022-ci ildə T.Savada ilə birlikdə Azərbaycana yenidən səfər etmək üçün yapon sahibkarlarını və iqtisadi qrupları bir araya gətirməyi planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, tədbirin təşkil olunduğu “New Otani Tokyo” otelində Azərbaycandan gətirilən bir sıra məhsullar da iştirakçılara təqdim edilib. (AZƏRTAC)

Oxşar xəbərlər