Bu ilin əvvəlində vəzifəsinin icrasına başladıqdan bəri keçirdiyi ilk brifinqdə Barham Saleh iddialı islahat gündəliyini açıqlayıb, həll yolları və ədalətli məsuliyyət bölgüsü ilə bağlı yenilənmiş beynəlxalq konsensusa ehtiyac olduğunu vurğulayıb.
O qeyd edib: “Humanitar yardımlar həyatları xilas edir və ehtiyac olduğu yerdə onların təmini davam etdirilməlidir, lakin fövqəladə hallara cavab vasitələri uzunmüddətli tədbirlərə çevrildikdə və bütün nəsillər asılı vəziyyətə düşdükdə, biz davamlılıq yaratmırıq. Uğur insanların nəticədə həyatlarını yenidən qura bilib-bilməməsi ilə ölçülməlidir”.
Ali komissarın sözlərinə görə, qaçqınların müdafiəsi mövcud beynəlxalq sistemin əsas prinsipi olaraq qalır. O, 2026-cı ildə 1951-ci il Qaçqınlar Konvensiyasının 75-ci ildönümünün qeyd ediləcəyini xatırladıb və dövlətlərin ona riayət etmək öhdəliklərinin indi əvvəlki dövrlərdən daha vacib olduğunu vurğulayıb.
Bu gün dünyada 42,5 milyon qaçqın da daxil olmaqla, təxminən 117 milyon məcburi köçkün var. Onların əksəriyyəti illər və ya onilliklər ərzində qeyri-sabit şəraitdə yaşayıb və bu insanların heç bir real perspektivi yoxdur. Bəzi hallarda onlar təhlükəsiz şəraitdə yaşayırlar, lakin milli sosial sistemlərdən kənarlaşdırılıb və humanitar yardıma etibar etməyə məcburdurlar. Salehin sözlərinə görə, bu vəziyyət labüd hesab edilməməlidir.
Ali komissar strateji bir məqsəd müəyyən edib: növbəti onillikdə uzunmüddətli köçkünlük şəraitində yaşayan və humanitar yardımdan asılı olan qaçqınların sayını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. O qeyd etdi ki, buna nail olmaq üçün həmin kateqoriyadan olan insanların könüllü qayıdışını, yerli inteqrasiyanı və məskunlaşmanı təşviq etmək, humanitar fəaliyyəti inkişaf və sülh quruculuğu proqramları ilə daha sıx əlaqələndirmək, özünü təminetmə imkanlarını genişləndirmək və qaçqınların milli sistemlərə daxil edilməsini gücləndirmək lazımdır.
Saleh köçkünlük zonalarına ilk səfərləri barədə danışıb. O, Keniyada qaçqınların işləməsi, təhsil alması və cəmiyyətə inteqrasiyasına imkan verən siyasətlərin faydalarını, Çadda isə Sudandakı münaqişədən qaçmağa davam edən insanların ehtiyaclarının miqyasını və məhdud resurslarını gördüyünü bildirib. Türkiyə və İordaniyada əsas məqsəd suriyalıların vətənlərinə təhlükəsiz və könüllü qayıtması üçün şərait yaratmaqdır. O, vurğulayıb ki, göstərilən nümunələr bu gün həyatları xilas etmək və köçkünlüyün gələcəkdə “sonsuz çıxılmaz vəziyyətə” çevrilməsinin qarşısını almaq üzrə BMT QAK-ın ikiqat məsuliyyətini nümayiş etdirir.
BMT QAK-ın rəhbəri, həmçinin resursların azalması fonunda Ali Komissarlığın effektivliyini, hesabatlılığını və maliyyə şəffaflığını artırmaq məqsədi daşıyan müstəqil idarəetmə icmalını elan edib. O, daha aydın prioritetlər, nəticələrə əsaslanan göstəricilər və real vaxt rejimində büdcə monitorinqinin təkmilləşdirilməsi istiqamətində iş aparılacağı ilə bağlı söz verib.
O vurğulayıb: “Söhbət ambisiyaların azaldılmasından getmir. Xidmət etdiyimiz insanlar səmərəsiz fəaliyyətimizə görə yüksək qiymət ödəməməli, bu məqsədlə ambisiyalar resurslarla uyğunlaşdırılmalıdır”.
Saleh çıxışının sonunda üzv dövlətlərlə praktik tərəfdaşlığa sadiqliyini vurğulayıb: “Təşkilatda sabitlik yaratsaq, islahatları gücləndirsək və beynəlxalq səyləri davamlı həllərə yönəltsək, o zaman qaçqınların, onları qəbul edən icmaların və dövlətlərin maraqları naminə daha səmərəli işləyə biləcəyik”. (AZƏRTAC)