Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, quyunun açılış mərasimində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Gürcüstanda yaşayan azərbaycanlı qardaşlarımız!”, “Bütün dünyada yaşayan Azərbaycan türk xalqı var olsun!”, “Qarabağ Azərbaycandır!” su quyusunun təşkilatçısı Minurə Mustafayeva xanıma Afrika xalqı adından təşəkkür edirik!” şüarlarının, Şuşanın, “Xarıbülbül” fotolarının əks olunduğu plakatlar nümayiş etdirilib.
Azərbaycana, Türkiyəyə və Gürcüstana salamlar göndərən tədbir iştirakçıları “Qarabağ Azərbaycandır!” su quyusuna dəstək göstərən Gürcüstan azərbaycanlılarına minnətdarlıq bildiriblər.
Bu təşəbbüsü əslən Gürcüstanın Marneuli şəhərindən olan, hazırda Tbilisidə yaşayan və Gürcüstandakı aztəminatlı ailələrə dəstək göstərilməsi, onların problemlərinin həlli istiqamətində xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan gənc soydaşımız Minurə Mustafayeva göstərib. O, yardımsevər insanların dəstəyi ilə lazımi vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərir. Bu xeyirxah addımın nəticəsində artıq Afrikada 6 içməli su quyusu qazılıb və yerli sakinlərə təhvil verilib. Həmin quyular “Borçalı”, “Pəri xanım Sofiyeva”, “Qarabağ” və sair adları daşıyır. Əsas məqsəd bölgədə olan içməli su probleminin həllinə nail olmaqdır.
Bundan başqa, Ramazan ayında və Qurban bayramında afrikalı aztəminatlı müsəlman ailələri üçün iftar süfrələri təşkil edilib və qurban payları göndərilib. Bu yaxınlarda isə Gürcüstanda onkoloji xəstəliyə düçar olmuş 10 uşaq müalicə üçün Türkiyəyə yola salınıb. Hazırda üç uşağı olan aztəminatlı anaya ev tikilməsi üçün yardım göstərilir.
Qeyd edək ki, Minurə Mustafayeva Tbilisi Avropa Universitetinin Hüquq fakultəsinin məzunudur və Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı olub.