Məlumatda qeyd edir ki, hələ azərbaycanlıların kütləvi saxlanmasından əvvəl “Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk Vilayət İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması üzrə dördüncü şöbəsinin rəisi, mayor Yaroslav Kuzvesov yerli FTX-nin vilayət idarəsini və Sverdlovsk İstintaq İdarəsinin rəhbərliyini inandırıb ki, o, Səfərovların və Şıxlinskinin keçmiş illərdə baş vermis cinayətlərdə iştirakları haqqında danılmaz sübutlara malikdir. Məhz bunun nəticəsində azərbaycanlılar kütləvi həbslərə məruz qalıblar. ВЧК-ОГПУ yazır: "Lakin iki aylıq "istintaq"dan sonra məlum olub ki, bir sıra şahidlərin ifadələrindən başqa, azərbaycanlılara ittiham elan etmək üçün, demək olar ki, heç nə yoxdur. Moskvadan gələn yoxlayıcılar təcrübəli general-mayor İqor Nikolayevin rəhbərlik etdiyi FTX Sverdlovsk İdarəsinin heç də təkcə nüfuz baxımından deyil, ümumiyyətlə, Rusiyaya baha başa gələcək belə yalnışlığa necə və nə üçün yol verdiyini araşdırırlar”.
Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk Vilayət İdarəsinin rəisi, general-mayor Boqdan Frantişko “mayor Kuzvesovu məsuliyyətdən yayındırmaq üçün əlindən gələni edir”. ВЧК-ОГПУ qeyd edir ki, Səfərovlar və Şıxlinskilər ailələrinə qarşı cinayət işinin araşdırılmasına cavabdeh olan mayor Yaroslav Kuzvesov baş verənlərin miqyasını anlayaraq artıq etiraf edib ki, əlində olan sübut bazası ilə bağlı öz rəhbərliyini çaşdırıb və “şəxsi hikkəsinə görə” Azərbaycan diasporuna qarşı əməliyyata başlayıb.
Teleqram kanalı yazır ki, indi “insidentin üstünü badırmaq” artıq mümkünsüzdür - “vəziyyət beynəlxalq səviyyəyə qalxıb”: “Azərbaycanlıları buraxmaq təkcə Azərbaycana uduzmaq deyil, həm də postsovet məkanının digər ölkələrinə öz zəifliyini göstərmək deməkdir. İşi başa çatdırmaq üçün isədəlillər, hələ ki, yetərsizdir. Adi bir mayorun hikkəsinə görə təhlükəsizlik orqanları tələsik nəsə axtarıb tapmalıdırlar. Axı Azərbaycanla münasibətləri gərginləşdirmək Kremlin planlarına daxil deyildi”.
Bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıran “haqqin.az” xəbər portal xatırladır ki, 2025-ci ilin iyununda Yekaterinburqda Rusiya Federasiyası və Azərbaycan vətəndaşları olan etnik azərbaycanlıların yaşadığı bir neçə mənzildə Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidməti birgə reyd keçiriblər. Reyd zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 2001, 2010 və 2011-ci illərdə qətl törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar. Həbs zamanı əslən azərbaycanlı olan Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olublar. Daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Qalanları isə aşkar döyülmə izləri ilə məhkəməyə aparılıblar. Ümumilikdə 50-yə yaxın adam saxlanılıb. İyulun 1-də şəhərin Azərbaycan diasporunun rəhbəri, Azərbaycan-Ural təşkilatının sədri Şahin Şıxlinski və oğlu Yekaterinburqda saxlanılıb. Voronejdə Alekseyevski bazarının şərikli sahibi Yusif Xəlilov saxlanılıb.