Ötən dövr ərzində böyük inkişaf yolu keçən AA hazırda dünya xəbər agentlikləri sırasında öz layiqli yerini tutaraq, qərəzsiz və ədalətli məlumatları operativ şəkildə dünya ictimaiyyətinə çatdıran ən güvənilir xəbər mərkəzlərindən birinə çevrilib.
Dünyanın 137 ölkəsində fəaliyyət göstərən Anadolu Agentliyi Türkiyədə 84, xaricdə isə 38 büroya sahibdir. 140 fərqli mənsubiyyətdən olan işçiləri ilə yolunu davam etdirən agentlik hazırda günlük orta hesabla 1430 xəbər, 4200-dən artıq foto, 440-a yaxın video və 22 canlı efirlə 13 dildə xəbər yayımlayır.
“Dəyişən Dünyanın Xəbərçisi” şüarı ilə beynəlxalq arenada effektivliyini günü-gündən artıran AA 49 beynəlxalq xəbər agentliyi ilə əməkdaşlıq edir.
Türkiyənin dövlətçilik tarixinə böyük töhfələr verərək, bütün sahələr üzrə xəbərləri operativ yaymağı qarşısına başlıca məqsəd kimi qoyan agentlik ölkəsinin ictimai-siyasi həyatında özünəxas qüvvə və çevik fəaliyyəti ilə seçilir. Bundan başqa, dünyanın ən hərəkətli bölgələrindən ən qaynar hadisələri anında təmin edən AA, jurnalistikanın çətin olduğu regionlarından yayımladığı yazılı məlumatları ilə yanaşı vizual xəbərləri ilə də fərq yaradan qurumdur.
Türk dünyasının problemlərinə və aktual mövzulara daha iti baxış bucağından yanaşan agentlik hər zaman Azərbaycan həqiqətləri, eləcə də Qarabağ mövzusuna Türkiyənin problemi prizmasından yanaşıb. Xüsusilə Qarabağın işğalı və azad edilməsi dövrünü diqqət mərkəzində saxlayan AA daima Azərbaycanın haqq yolundakı mübarizəsində ədalətli baxış nümayiş etdirərək, ölkəmizə qarşı aparılan dezinformasiya mübarizəsində həqiqətlərin yayımlanmasını ön plana çəkib.
Qeyd edək ki, Türkiyənin Anadolu və Azərbaycanın AZƏRTAC milli xəbər agentlikləri birbaşa müqavilə əsasında informasiya mübadiləsi aparır, regional və beynəlxalq media qurumlarında sıx əməkdaşlıq edirlər. Hər iki agentliyin əməkdaşlıq əlaqələri gündən-günə geniş vüsət alır.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Anadolu Agentliyi arasında əməkdaşlığa dair ən son müqavilə 2023-cü il noyabrın 6-da İstanbulda keçirilən Türk Xəbər Agentlikləri Alyansının (ATNA) I Baş Assambleyası çərçivəsində imzalanıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və AA-nın İdarə Heyətinin sədri, Baş direktoru Serdar Karagözün imzaları ilə təsdiqlənən sənəd yazılı xəbərlə yanaşı, qarşılıqlı foto, video və tərcümə mübadilələri, eləcə də texniki dəstəyi nəzərdə tutur. (AZƏRTAC)