Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının mövzu ilə bağlı açıqlamasında yer alıb. Bildirilib ki, sülhməramlıların fəaliyyəti və missiyası, sadəcə, ərazinin təhlükəsizliyini təmin etmək‚ hər hansı təxribat‚ pozuculuq və terror hadisələrinin qarşısını almaq‚ ərazidə sabitliyi qorumaq‚ insanların və mülki sakinlərin rahat və maneəsiz gediş-gəlişini təmin etməkdir. Niyyəti sülh olmayan Rusiya kontingentinin Qarabağdakı fəaliyyəti sülhməramlılıq anlayışının və prinsiplərinin əksinədir, sülhməramlılıq yox‚ ermənilərə dəstək olmaq‚ Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaq‚ İran və Ermənistana sözügedən bölgədə şərait yaratmaq‚ erməni maraqlarını müdafiə etməkdən ibarətdir. Azərbaycanın dövlət orqanlarının fəaliyyətinə‚ mətbuatın çəkiliş aparmasına‚ ictimaiyyət nümayəndələrinin hərəkətinə cidd-cəhdlə mane olmaq Azərbaycan torpaqlarını qəsb etmək‚ mənimsəmək anlamındadır. İran və digər ölkələrdən sülhməramlıların yerləşdiyi ərazilərə qanunsuz səfərlərin edilməsi‚ Azərbaycana məxsus sərvətlərin İrana daşınması və üstəlik, buna sülhməramlıların şərait yaratması‚ azərbaycanlıları, xüsusilə media nümayəndələrini əraziyə buraxmamaq özbaşınalığın ən pik həddidir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın qeyri-hökumət təşkilatları və media mənsublarının Qarabağda aksiya keçirməsi haqq-ədalətin bərpasına xidmət edir. Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin Laçın-Xankəndi yolunu bağlaması‚ aksiyanın daha da genişlənməsi doğru və haqlı addımdır. Azərbaycan haqlı tərəfdir‚ işğala və torpaqları talana‚ ərazisindəki təbii sərvətləri istismara məruz qalan tərəfdir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Qanunsuz erməni birləşmələri və erməni separatçıları Azərbaycan torpaqlarını tərk etməlidir. Ermənistan tərəfi ekoloji terroru və Azərbaycan ərazilərini talamağı dayandırmalıdır. Açıq-aşkar görünür ki‚ ermənilər Rusiya sülhməramlı qüvvələrinin dəstəyi ilə hazırda yerləşdikləri ərazilərdə talan və istismar etməklə məşğuldurlar. Qanunsuz erməni silahlıları Azərbaycan ərazilərindəki təbii sərvətlərin istismar olunaraq talanması işinə İranı və SEPAH-ı da cəlb edib. Rusiya sülhməramlılarının isə buna şərait yaratması beynəlxalq hüququn pozulmasıdır. Azərbaycana məxsus sərvətlərin‚ xüsusilə qızıl, gümüş və digər qiymətli metalların gizli şəkildə məhz İrana daşınması‚ bu marşrutla SEPAH və ETTEELAAT tərəfindən narkotik daşınması beynəlxalq cinayətdir. Rusiya sülhməramlıları buna şərait yaratdıqları üçün ərazini qapalı rejimdə saxlamağa çalışırlar. Bu səbəbdən həmin ərazilərə azərbaycanlıların daxil olmasına maneçilik törədilir.
“Bütün bunlara görə Xankəndi-Şuşa istiqamətində Azərbaycanın qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin aksiya keçirməsi zəruri və lazımlı addımdır.
Biz aksiyanın keçirilməsinə‚ aksiyaya gələn hər kəsə öz dəstəyimizi ifadə edirik. Azərbaycanın haqlı mövqeyini‚ beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınan ərazi bütövlüyünü‚ suverenliyini dəstəkləyirik. Bütün təhlükə və təhdidlərə‚ təxribat və siyasi hücumlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bəyan edirik”, - deyə açıqlamada qeyd olunur. (AZƏRTAC)