Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Fransanın daxili işlər nazirliyinin yüksək çinli məmurlarının da daxil olduğu xüsusi komissiya Ermənistanda daxili işlər nazirliyinin yaradılması prosesinə start verib. O, əlavə edib ki, bu nazirliyin tərkibinə xilasetmə xidməti (daxili fövqəladə hallar), respublika polisi, polis qoşunu, miqrasiya və vətəndaşlıq xidməti, həmçinin xüsusi tədris mərkəzi daxildir. Xüsusi tapşırıqlar üzrə səfir jurnalistlərə onu da xatırladıb ki, 2000-ci ilədək Ermənistanda daxili işlər nazirliyi institutu mövcud olub. Amma həmin vaxt iqtidarda olanlar onu ləğv edərək ayrı-ayrı xidmət növlərinə bölüblər. Bununla da polis parlamentin nəzarətindən çıxaraq birbaşa hökumətin tabeliyində olub. Bu da indiki şəraitdə özünü doğrultmur. Sözügedən nazirliyin dəqiq nə vaxt fəaliyyətə başlayacağı barədə suala isə konkret cavab verilməyib.
Nəsib QARAMANLI