«Lurer.com» və digər erməni elektron informasiya vasitələri xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 13-də Qətər dövlətinə 2 günlük rəsmi səfərə yollanıb. Ermənistan hökumətinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti 24 nəfərdən ibarətdir. Bu heyətə baş nazirin müavini, təhsil, elm, mədəniyyət və idman naziri, iqtisadiyyat naziri, İrəvan şəhərinin meri, xarici işlər nazirinin müavini, Ermənistanın Qətər dövlətindəki səfiri, İrəvan dövlət Universitetinin rektoru da daxildir. Qətər beynəlxalq hava limanında Ermənistan nümayəndə heyətini Qətərin xarici işlər üzrə dövlət naziri Sultan ibn Əsəd Əl-Mureyxi qarşılayıb. Səfərdə məqsəd iki dövlət arasında müxtəlif sahələrdəki əlaqələrin gələcək inkişafı və qarşılıqlı münasibətləri möhkəmləndirməkdir. Səfər zamanı iki dövlət arasında bir sıra sənədlərin də imzalanacağı gözlənilir.
Nəsib QARAMANLI