«Fakt» qəzeti özünün 26 may tarixli sayında Ermənistan təhsil nazirliyindən əldə etdiyi məlumata əsasən bildirir ki, müxalifətin etiraz aksiyaları məktəblərin fəaliyyətinə də ciddi təsir göstərib. Belə ki, səhərlər İrəvan şəhərinin mərkəzi küçələri etirazçılar tərəfindən çox vaxt bağlandığına görə maşınlar tıxaclar yaradır, nəticədə həm müəllimlər, həm də məktəblilər saatlarla gözləməli olduqlarından ya dərslərə gecikir, ya da evlərinə qayıtmağa məcbur olurlar. Ona görə də nazirliyin tövsiyyəsi ilə məktəb direktorları sinif rəhbərləri və valideynlərlə görüşdə həm aksiyalarda iştirak etməməyi, həm də şagirdləri, xüsusilə yuxarı sinif şagirdlərini belə tədbirlərə buraxmamağa çağırıb. Bəzi valideynlər direktorların fikirləri ilə razılaşmayaraq yuxarı təşkilatlara müraciət edərək hüquqlarının pozulmasından şikayətləniblər. Sinif rəhbərlərinin əksəriyyəti isə şagirdlərə bildiriblər ki, əgər hökumət əleyhinə keçirilən hər hansı tədbirdə iştirak etsələr, cəzalandırılacaqlar.
Nəsib QARAMANLI