22.11.2024, 18:50
AZ EN
04.04.2022, 14:30 634

Qarabağ və Şərqi Zəngəzurun bərpası ərəbdilli mətbuatda

XƏBƏRLƏR

Ermənistanın 30 illik işğal siyasəti həm də Azərbaycanın tarixi torpağı olan Qarabağ və Şərqi Zəngəzurda bütün Azərbaycan və İslam irsini silmək, həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. 2020-ci il 44 günlük müharibədən sonra səfirlər, münaqişənin həlli üzrə təmas qrupunun üzvləri işğaldan azad edilmiş ərazilərə səfər edərkən hər şeyi öz gözləri ilə gördülər və açıq bəyanatlar verdilər.

Bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın ərəbdilli mətbuatda dərc olunan məqaləsində yer alıb.

"İslam dünyasından Qarabağla bağlı növbəti həmrəylik” sərlövhəli yazıda millət vəkili İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin jurnalistlərinin assosiasiyasının üzvlərinin ötən ay Füzuli və Şuşadan sonra Ağdam şəhərinə səfər etdiyini xatırladıb.

Məqalədə qeyd edilir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Pakistan, İraq, Mavritaniya, Mərakeşdən olan jurnalistlər, eləcə də İƏT-ə üzv dövlətlərin jurnalistlər assosiasiyasının nümayəndələri səfər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Media təmsilçiləri də bütün İslam dünyasının Azərbaycanın yanında olduğunu bəyan etdi. Bildirdilər ki, Azərbaycan həqiqətlərini dünyaya yaymaqda davam edəcəklər.

Qarabağda aparılan bərpa-quruculuq işlərinə toxunan K.Nurullayeva məqalədə vurğulayıb ki, bərpa zamanı İslam dəyərlərinə qarşı vandallığın nəticələri də aradan qaldırılır: “Qarabağda məscidlər bərpa olunur və ya yeni məscidlər inşa olunmaqdadır. Bu baxımdan Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə, həm də İslam dünyasının qələbəsidir. Təsadüfi deyil ki, istər işğal dövründə, istərsə də 44 günlük müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın yanında idi və təşkilatın qətnamələri bizi dəstəkləyirdi”.

İƏT-in potmünaqişə dövründə də Azərbaycanın yanında olduğunu qeyd edən deputat Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qəbul edilən dörd qətnaməni xüsusi qeyd edib.

O bildirib ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasının nəticələri Azərbaycanın münaqişədən sonrakı sülh gündəliyinə artan beynəlxalq dəstəyi bir daha təsbit etməklə, bu gündəliyin irəli aparılması və Ermənistanın 30 ilə yaxın davam etmiş işğal siyasətinin fəsadlarının aradan qaldırılması işində Azərbaycanla həmrəyliyi təsdiq edir: "Bu, həm də Azərbaycanın azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Ermənistanla dövlətlərarası münasibətlər qurulmasını özündə ehtiva edən münaqişədən sonrakı sülh gündəliyinə beynəlxalq müstəvidə dəstək verilməsinin bariz nümunəsidir: “Ermənistanın davamlı təbliğat fəaliyyəti müqabilində İƏT üzv dövlətləri növbəti dəfə bu ölkənin Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətə düzgün siyasi və hüquqi qiymət verir”.

Qeyd edək ki, məqalə Əlcəzair, İraq və Sudanda ümumilikdə 4 nüfuzlu mətbuat orqanı tərəfindən dərc olunub. (Trend)

Oxşar xəbərlər