29.04.2024, 12:43
AZ EN
10.05.2022, 18:00 456

Kiməsə heykəl qoyur, kimisə həbs edirlər...

XƏBƏRLƏR

Ermənilər İsa peyğəmbərə heykəl qoyur

Ermənistanın din və ictimaiyyət nümaynədələrinin bir qrupu hələ 44 günlük müharibə başlamazdan öncə bildirmişdilər ki, Ermənistan xristianlığı qəbul edən ilk dövlət olduğuna görə (?) respublikanın paytaxtında İsa peyğəmbərə heykəl qoymaq lazımdır. Müharibə başa çatdıqdan sonra onlar yenidən həmin məsələnin müzakirəsinə başlayıb və 4 ay öncə «İsa Peyğəmbərin monumental abidə kompleksi»nin tikilməsi üçün tender müsabiqəsi elan ediblər. Bununla bağlı yaradılmış işçi qrupuna artıq bir neçə layihə təqdim olunub və tender daha bir neçə gün davam edəcəkdir. «Tenderdə kimin qalib gələcəyi hələ məlum deyil. Amma bu həm mənəvi, həm də siyasi baxımdan mühüm hadisə olacaqdır. Dünya görəcək ki, ermənilər İsa peyğəmbərə böyük dəyər verir və onu öz əməllərində yaşadırlar», - deyə «Hraparak» qəzeti yaxın vaxtlarda abidə kompleksinin tikintisinə başlanılacağını vurğulayır.

 

Müxalifət səsləri pulla satın alıb

«Azadlıq» TV-nin erməni xidmətinin mayın 10-da yayımladığı videoçarxda göstərilir ki, Gümrüdə baş verən toqquşma zamanı bir neçə yaşlı sakin dayacaqda oturarkən gənclər tərəfindən öncə təhqir olunub, sonra isə döyülüblər. Olayla bağlı polisə dərhal məlumat verilib və bir neçə gənc həbs edilərək bölməyə aparılıb. Buradakı dindirmə zamanı gənclərdən ikisi bildirib ki, 2021-ci ilin iyununda keçirilən seçkilər zamanı onlar «Daşnaksütyun» partiyasının fəalları kimi əhali, xüsusilə gənclər arasında təbliğat apararkən tərəddüt edən şəxslərə 10-20 min dram məbləğində pul verərək təmsil olunduqları siyasi quruma səs verilməsini təmin ediblər. Onlar hansı kənddə kimə nə qədər pul verildiyi barədə xüsusi siyahıların da olduğunu vurğulayıblar. «Daşnaksütyun» partiyasından deputat Arcriv Minasyan isə deyilənləri inkar edərək bildirib ki, bu hakimiyyət nümayəndələrinin uydurduğu növbəti saxtakarlıqdır. Nəinki Gümrüdə, respublikanın heç bir yerində seçicilərin səslərinin pulla qazanılmadığını bildirən müxalifətçi deputat Paşinyanın və komandasının ünvanına növbəti təhqiramiz ifadələr də işlədib.

 

Qurultayın vaxtı uzadılır

«Lurer.com» informasiya agentliyinin verdiyi məlumata görə, iqtidarı təmsil edən «Vətəndaş müqaviləsi» fraksiyasının üzvləri mayın 10-da təcili iclas keçiriblər. İclasda partiyanın idarə heyətinin üzvləri də iştirak edib. Ölkədə yaranmış mövcud durumla bağlı partiyanın bu günlərdə keçirilməsi nəzərdə tutulan qurultayının vaxtının may ayının 25-dək uzadılması barədə təklif qəbul edilib. Buna qədər isə ölkənin ayrı-ayrı bölgələrində iclaslar keçirilərək qurultaya nümayəndələr seçiləcəkdir. Həmçinin qərara alınıb ki, partiyanın idarə heyətinin üzvlərinin sayı 21 deyil, 16 nəfər olsun. Qurultaya vətəndaş itaətsizliyi göstərən partiyaların nümayəndələrinin dəvət edilməyəcəyi də iclasın gedişi zamanı qərara alınıb.

 

İki deputat həbs edildi

Vətəndaşları öncə kütləvi aksiyalara, sonra isə itaətsizliyə çağıran deputatların hər biri hazırda İrəvanın ayrı-ayrı küçələrində yolun bağlanması işinə rəhbərlik edir. Bir neçə gündür ki, ölkədə baş verən qarşıdurma müxalifətçiləri iqtidar, xüsusilə Paşinyan əleyhinə daha təhqiramiz ifadələr işlətməyə sövq edib. «Hayastan» fraksiyasının üzvləri, müxalifət liderlərindən olan Geğam Manukyan və Aram Vartevanyan mayın 10-da mərkəzi küçələrin aksiyaçılar tərəfindən bağlanması prosesinə rəhbərlik edərkən polislərin müraciətinə baxmayaraq dayanmamış, əksinə, hətta onları müxtəlif ifadələrlə təhqir etmişlər. Deputat olduqlarını dəfələrlə vurğulayan həmin müxaliflər Türkiyə və Azərbaycan əleyhinə də senzuradan kənar sözlər işlədiblər. Paşinyanı «xalq düşməni», «türk agenti», «Əliyevin əlaltısı» adlandıran Geğam Manukyan polis polkovniki ilə mübahisə edərkən onu da təhqir edib. Yolların açılması üçün hərəkətə keçən polislər hər iki deputatı zoral maşına oturdaraq hadisə yerindən uzaqlaşıblar. Onu da qeyd edək ki, həmin gün Guğam Manukyanın oğlu Taron Manukyan isə Gümrü də baş verən olaylar zamanı yaşlı erməniləri döydüyünə görə həbs edilib. Erməni müxalifəti olayla bağlı beynəlxalq qurumlara müraciət edəcəklərini bildiriblər.

Ermənistanda qarşılıqlı ittiham və vətəndaş itaətsizliyi davam edir.

Hazırladı: Nəsib QARAMANLI

 

Oxşar xəbərlər