Məqalədə qeyd olunur ki, Fransa hökuməti müstəmləkə dövrünün mirası olan dənizaşırı ərazilərdə müstəqillik tələbləri irəli sürən insanlarla mübarizə aparır. Bu koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir.
Müxtəlif sosial-iqtisadi problemlərlə mübarizə aparan Fransa rəhbərliyinin bu torpaqlarda yaşayan əhaliyə təqdim etdiyi infrastruktur və təhlükəsizlik xidmətlərinin yetərsizliyindən şikayətlənən koloniyalar daha çox muxtariyyət və müstəqillik tələb edir.
Parisdən təxminən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyada Fransa hökumətinin yerli əhalinin seçkilərdə təsirini azaltmaq məqsədilə konstitusiya islahatları təşəbbüsü adadakı müstəqillik tərəfdarlarını səfərbər edib. 1988-ci ildə yerli əhali ilə imzalanan Numea müqaviləsinə zidd olaraq, ən azı 10 ildir adada yaşayan fransızların seçkilərdə səs verməsinin yolunu açmaq cəhdi etirazlara səbəb olub. Fransa hökuməti təxminən bir ay davam edən etirazları yatırmaq üçün adaya polis və jandarm göndərib. Burada baş verən insidentlərdə 7 nəfər həlak olub. Mayın 13-də elan edilən fövqəladə vəziyyət mayın 27-də paytaxt Numeada vəziyyət nəzarət altına alındıqdan sonra ləğv edilib. Fransa Prezidenti Emmanuel Makron adaya səfəri zamanı konstitusiya islahatı layihəsini geri götürməyib və onun tərəfdarları ilə əleyhdarları arasında dialoq üçün vaxt verib.
Digər müstəmləkə - Fransız Qvianası daha çox muxtariyyət istəyir. Cənubi Amerikada, Fransadan 7 min kilometr aralıda yerləşən Fransız Qvianası təhlükəsizlik problemlərindən əziyyət çəkir. Cinayət halları nisbətlərinin materikdən 10 dəfə yüksək olduğu 300 min nəfərlik koloniyanın əsas problemləri arasında Braziliya sərhədində sənədsiz miqrasiya və qeyri-qanuni qızıl hasilatı var. Burada yoxsulluq və işsizlik səviyyəsi yüksəkdir, sakinlər hökumətin infrastruktura və səhiyyə sektoruna sərmayəsinin qeyri-kafi olmasından şikayət edirlər. Fransız Qvianasında gənc əhalinin demək olar ki, 40 faizi təhsil və ya işləmək üçün xaricə gedir. Yerli hökumət Makronun Fransanın Aralıq dənizindəki Korsika adası üçün daha çox muxtariyyət vəd etdiyi halda, Qviana üçün eyni addımın atılmamasına mənfi reaksiya verir. Fransız Qvianası Konqresi 2020-ci ildə xüsusi statusla daha çox muxtariyyət tələb etmək üçün səs verib. Sakinlərin tələbinə baxmayaraq, 4 ilə yaxındır ki, konstitusiya tənzimlənməsi ilə bağlı Paris administrasiyası ilə danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.
Qvadelupa və Martinikada da muxtariyyət tələbləri artır. Fransadan təxminən 7 min kilometr uzaqlıqda yerləşən və 400 min nəfər əhalisi olan Karib dənizindəki Qvadelupa adasında yoxsulluq, cinayətkarlıq ən yüksək həddə çatıb. Gənclərin cinayətlərə cəlb olunması hallarının artması səbəbindən aprel ayında adanın ticarət paytaxtı olan Pointe-a-Pitredə komendant saatı tətbiq edilib. Bundan sonra muxtariyyət müzakirələri yenidən diqqət mərkəzində olarkən, Fransanın keçmiş xarici ərazilər naziri Sebastien Lecornu Parisin muxtariyyət üzrə danışıqlara hazır olduğunu deyib.
Fransanın ən yoxsul müstəmləkəsi olan Mayotte isə təhlükəsizlik və su problemləri ilə üzləşib. Hind okeanında, materikdən təxminən 8 min kilometr aralıda yerləşən Mayotte adasında 310 min nəfərlik əhali “əsrin ən pis quraqlığı” adlandırılan təbii fəlakətlə qarşı-qarşıyadır. Keçən ilin noyabrında Fransa hökuməti adada 82 su təchizatı məntəqəsi yaradıb və əsgərlərlə birlikdə sakinlərə içməli su paylamağa başlayıb. Üstəlik, Fransanın daxili işlər naziri Jerald Darmanin fevral ayında adada doğulan mühacirlərin uşaqlarının artıq avtomatik olaraq Fransa vətəndaşı olmayacaqlarını açıqlayıb. Yeni tənzimləmə ilə adada doğulan uşaqların Fransa vətəndaşı olmaq üçün valideynlərinin fransız olması tələb olunur. Bu ayrı-seçkilik adanın yerli əhalisinin qəzəbinə səbəb olub. Buna cavab olaraq, Fransa hökuməti aprel ayında adaya 1700 polis və əsgər göndərib, həmçinin nizamsız mühacir axınından əziyyət çəkən koloniyada təhlükəsizliyə nəzarət etmək üçün 11 həftəlik əməliyyata başlayıb. Məlumatlara görə, Mayotte sakinlərinin həyat səviyyəsi fransızlardan 7 dəfə aşağıdır və sakinlərin 77 faizi yoxsulluq həddinin altında yaşayır.
Sakit okeanın cənubunda təxminən 300 min əhalisi olan 100-dən çox adadan ibarət, habelə materikdən təxminən 16 min kilometr uzaqlıqda yerləşən Fransız Polineziyası Fransanın 1966-1996-cı illər arasında keçirdiyi 200-ə yaxın nüvə sınağının təsirinə etiraz edir. Burada müstəqillik tərəfdarı Tavini Huiraatira Partiyası ötən il keçirilən seçkilərdə qalib gəlib. Polineziya administrasiyası adanın tam suverenliyə doğru irəliləməsi tərəfdarı olsa da, Fransa hökuməti müstəqillik danışıqlarında maraqlı deyil və iddia edir ki, adanın siyasi müstəqilliyindən əvvəl kənd təsərrüfatı, iqtisadiyyat və ərzaqla özünü təmin etməsi lazımdır.
Fransadan təxminən 9 min kilometr uzaqlıqda olan Reunion 2022-ci ilin sonunda altı koloniya ilə birlikdə Fransa rəhbərliyinə qarşı daha çox muxtariyyət tələb edərək “Fort-de-France” çağırışını imzalayıb.
Nəhayət, Parisin Korsikaya muxtariyyət vədi haqqında...Aralıq dənizində Fransadan çox İtaliyaya yaxınlığı ilə tanınan Korsika adası digər koloniyalardan fərqli bir tarixə malikdir, lakin daha çox muxtariyyət tələb etməsi ilə tanınır. Keçən ilin sentyabrında adaya səfər edən Makron Korsikaya muxtariyyət vəd edib və müxtəlif qruplara bununla bağlı ortaq mətn üzərində razılaşmaq üçün altı ay vaxt verib. Mart ayında tərəflər adaya daha çox muxtariyyət verən mətn üzərində razılığa gəliblər. Mədəniyyət baxımından fərqli insanları və tarixi keçmişi olan Korsikada muxtariyyət danışıqlarında əldə olunan irəliləyiş hökumətin eyni yanaşma nümayiş etdirmədiyi koloniyalarda mənfi reaksiya ilə qarşılanıb.
Beləliklə, koloniyalarında normal rifahı təmin edə bilməyən və etirazları zor gücünə yatırmağa çalışan Fransa Prezidenti Makrona dəstək də azalıb. İfrat sağçı siyasətçi Marin Le Pen əvvəlki seçkilərdə Makrona səs verən Qvadelupa, Martinika, Fransız Qvianası, Mayotte və Reunion kimi dənizaşırı ərazilərdə təxminən 60 faiz səslə qalib gəlib. Sent Pyer and Mikelonda isə təxminən 51 faiz səs toplayan Le Pen, eyni zamanda, Fransız Polineziyasında seçicilərin səslərinin 48 faizini alıb. (AZƏRTAC)