Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın “CNN.Prima” nəşrinə müsahibəsində deyib.
“Siz bizim Rusiyanın müttəfiqi olduğumuzu dediniz. Əlbəttə, bu daha əvvəl heç vaxt açıq şəkildə deyilməyib, amma mən düşünürəm ki, bu görünür. Biz Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyilik. Biz o müharibə ilə, o münaqişə ilə bağlı narahatlıq duyuruq, çünki bu birbaşa olaraq bizim bütün əlaqələrimizə təsir edir", - Baş nazir bildirib.
Paşinyan əlavə edib ki, indiki vəziyyətdə heç kim Ermənistanı müttəfiqi olaraq görmür və bu ölkənin durumunu həssas edir:
“Qərbdə bizim Rusiyanın müttəfiqi olduğumuzu müşahidə edirlər, onlar hətta daha çox şey müşahidə edirlər, Rusiyada isə bizim onların Ukrayna müharibəsində müttəfiqləri olmadığımızı görürlər. Belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik, bu isə o deməkdir ki, biz müdafiəsizik”.
Paşinyan qeyd edib ki, Ermənistan dünyanın daha geniş regionlarında və hissələrində olan yükləri çiyninə götürə bilməz, çünki özünün kifayət qədər problemi var: “Təəssüf ki, bizim narahatlıqlarımız özümüzə kifayət edir və bizim Avropa İttifaqı, ABŞ və Rusiya ilə əlaqələrimizdə biz öz gündəliyimizdəki problemlərin həllinə çalışırıq ki, gördüyünüz kimi bu həmişə uğurlu olmur”, - Paşinyan deyib. (APA)