BMT-nin Baş katibi Antoniu Quterriş bu barədə Təhlükəsizlik Şurasının silahlı münaqişə zonalarında mülki əhalinin müdafiəsinə həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, dinc sakinlərə humanitar yardım göstərən təşkilatlar bəzən təhdid və maneələrlə üzləşir.
Antoniu Quterriş müharibə və münaqişələrin zəruri məhsulların qiymətinin bahalaşmasına, aclığa və dünyanın müxtəlif regionlarında ərzaq təhlükəsizliyi sahəsində problemlərə səbəb olduğunu xatırladıb. O, Rusiyanın Ukraynaya təcavüzünün bütün dünyada qida məhsullarının, enerjinin və gübrənin qiymətinin qalxmasını buna əyani misal göstərib.
“Ötən ilin noyabrında əhalinin məskunlaşdığı ərazilərdə partlayıcı sursatlardan istifadənin məhdudlaşdırılması və dinc sakinlərin müdafiəsi ilə bağlı bəyannamə qəbul edilib. Mən bütün dövlətləri bu bəyannaməyə qoşulmağa və onu reallaşdırmağa çağırıram”, - deyə BMT-nin Baş katibi vurğulayıb.
Antoniu Quterriş bütün dövlətləri və münaqişə tərəflərini beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə və dinc əhalini, həmçinin mülki infrastrukturu qorumağa çağırıb. (AZƏRTAC)