22.11.2024, 00:04
AZ EN
30.04.2022, 18:00 556

İrəvanda “küçə siyasəti”...

XƏBƏRLƏR

«STOP NİKOL» aksiyası davam edir

Aprelin 27-də erməni mətbuatına istinadən xəbər vermişdik ki, müxalifət etiraz aksiyalarının yeni mərhələsinə start verib. Aprelin 25-dən etibarən Ermənistanın müxtəlif vilayət mərkəzlərindən İrəvana doğru həm maşınlarla, həm də piyada yürüş başlayıb. Dünən Abovyan şəhərindən İrəvana doğru yürüş edən «Vətən» partiyasının üzvləri və tərəfdarları səhər tezdən hökumət binasına gedən yolu kəsərək hakimiyyət nümayəndələrini binaya buraxmamağı qərara alsalar da, bu, mümkün olmayıb. Çünki sözügedən küçə çoxsaylı polis dəstələri tərəfindən artıq tutulmuşdu və nümayişçilər geri qaytarılmışdı. İstəklərinin baş tutmadığını görən aksiya iştirakçıları Böyük Tiqran küçəsində oturaq aksiyaya başlayıblar.

 

Qan və itkilərin 4 ili

«Nə qədər təəccüblü və təəssüfləndirici olsa da, danılmaz faktdır ki, vaxtilə demokrat, xalqın sevimlisi, küçədən gələn və əlləri tərtəmiz olan N.Paşinyanla komandası 4 il ərzində demokratiyadan uzaqlaşaraq əllərini pulla, qanla murdarlayaraq, cəmiyyətdən uzaqlaşmağa başlayıb. Əgər pul və vəzifə, hakimiyyət və təsir riçaqları, hətta ən təmiz adamı belə puç edirsə, onda cəmiyyətə qarşı laqeyid bir mühit formalaşır. Respublika hakimiyyəti illərində elmi və peşəkarlıq baxımından küçədən gələnə oxşayan cavanlar ilk vaxtlar özlərindən əvvəlkiləri inkar edirdilərsə, sonra özləri də çirkaba bulaşmağa meylləndilər.

Bəli, biz 27 oktyabr, 1 mart cinayətkarlığına görə sabiqlərdən nazarı idik və düşünürdük ki, bütün bunlara görə məsuliyyət daşıyan sabiq prezidentlər siyasətdən uzaqlaşacaq və cəmiyyət demokratik inkişaf yoluna qədəm qoyacaqdır. Amma indi təsəvvür edə bilmirəm ki, Avropada təhsil alan, demoktariya və insan hüquqları üçün öz həyatlarını belə əsirgəməyən gənclərin böyük bir qrupu sonra müharibə carçısına çevrilərək minlərlə gəncin ölümünə səbəb oldular. Hətta hökumət korteji gənc hamilə qadının üstündən keçərək onu parça-parça edəndə heç kəs bunun üçün təəssüf hissi keçirmədi.» Bu sətirlər «Hraparak» qəzetinin baş yazarı, Ermənistan parlamentinin sədri Alen Simonyanın qaynanası Armine Ohanyanın «Qan və itkilərin 4 ili» sərlövhəli yazısından götürülmüşdür. Erməni cəmiyyətində obyektiv jurnalist kimi tanınan A.Ohanyan iqtidarın verdiyi vədə əməl etməməsinin səbəblərini araşdırarkən onların əlləri pula çatdıqdan sonra tam dəyişdiklərini ilkin səbəb kimi göstərir. Paşinyanı və komandasını Türkiyə və Azərbaycanın mənafeyinə, erməni tarixinin əleyhinə işləyən iqtidar kimi təsvir edən A.Ohanyan mövcud durumdan çıxış yolunun həmin komandanın 4 il əvvəlki mövqeyə qayıtmalarının vacibliyini vurğulayır.

 

Dərin yuxuya gedənlər də oyanacaq

Ermənistan Gənclər Federasiyasının Abaran şəhərindəki üzvlərinin bir qrupu aprelin 29-da Artur Xaçatıryanın rəhbərliyi altında «Türkiyə-Azərbaycan casusları məqsədlərinə çatmayacaq!» şüarı ilə sözügedən şəhərdən İrəvana doğru piyada yürüşə başlayıblar. «Ermənistanı və erməni xalqını məhv olmağa qoymarıq», «Türksüz Ermənistan», «Nikolsuz Ermənistan» şüarlarını tez-tez təkrarlayan etirazçılara hərəkat zamanı daha bir neçə gənc qoşulub. Artur Xaçatıryan «Lurer.com»un əməkdaşı ilə söhbət zamanı deyib ki, bu adi yürüş deyil, tarixin zəngidir. Bu zəngi elə çalacağıq ki, ən dərin yuxuya gedənlər də oyanıb öz sözünü deyəcək.

Müxbirin məlumatına görə, həmin gün Sərdarabaddan da İrəvana doğru etirazçılar yola düşüb. Qaynana ki, qaynana, kürəkənlə dava edir!

 

Müxalifət mübarizənin «B» planına keçir

«Hraparak» informasiya agentliyinin aprelin 29-da verdiyi məlumata görə Ermənistan parlamentinin vitse-spikeri, «Daşnaksütyün» partiyasının fəalı İşğan Sağatelyan jurnalistlərə «mayın 1-də saat 16:00-da İrəvanda son illərin ən böyük mitinqi olacaq və müxalifət özünün «B» planını həyata keçirməyə başlayacaq», - deyə son məlumatları çatdırıb və əlavə edib ki, «5165» və «Azadlıq» hərəkatları da etiraz edən güclər sırasındadır. Hər bir siyasi qüvvə müxtəlif yerlərdə aksiyalar keçirərək Paşinyanın istefasını tələb edəcəklər. Daşnak fəalı əlavə edib ki, sözügedən «B» planı işə düşərkən meydanda gənc siyasi liderlər də görünəcək və sözlərini deyəcəklər.        

Hazırladı: Nəsib QARAMANLI

Oxşar xəbərlər