22.11.2024, 00:16
AZ EN
18.04.2023, 09:48 351

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

XƏBƏRLƏR
  • 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Hər ilin bu günündə ənənəvi olaraq mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidli tədbirlər, sərgilər, maraqlı ekskursiyalar təşkil edilir.  

AZƏRTAC xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkilata üzv ölkələrə müraciət edib. Müraciətdə dünya ictimaiyyətinin aprelin 18-ni Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd etdiyi, bu əlamətdar günün bütün dünyada, o cümlədən İslam aləmində maddi və qeyri-maddi mədəni irsin əhəmiyyətini diqqətə çatdırmaq üçün bir fürsət olduğu vurğulanıb.

Qeyd edək ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Yaşadığımız dövrə gəlib çatan abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.

Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etmişdir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa quruculuq işləri sürətlə həyata keçirilir. Quruculuq işləri zamanı milli-mənəvi sərvətimiz kimi tarixi abidələrimizin bərpasına da xüsusi önəm verilir.

Mina RƏŞİD    

Oxşar xəbərlər