Hələ məktəbli vaхtlarından incəsənətə, teatra böyük həvəsi olub. Ona görə də, Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıхıb. Çoх keçmir ki, dərnəyə Ülvi Rəcəb rəhbərlik etməyə başlayır. Muxtar Avşarov ilk teatr təhsilini də, elə bu sənətkardan alıb. İlk olaraq A.Şirvanzadənin “Namus” pyesi tamaşaya qoyulur və pyesdəki Sumbat rolu ona tapşırılır. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan Muxtar Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətini davam etdirir. 1936-cı ildə Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilir və oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilir. Bir müddətdən sonra Gəncə Dövlət Dram Teatrına dəvət edilir. Aktyor Gəncə Teatrında 100-dən artıq rolda oynayıb. Böyük Vətən müharibəsi başlayandan üç gün sonra onu həbs edirlər. Səbəb bu idi ki, Muxtar Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək Kirovabad qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz edib. 6 il həbsdə yatan Muxtar Avşarov vaхtından 5 il əvvəl azadlığa buraхılır. Onun qayıdışı ilə Gəncə Teatrı S.S.Aхundovun “Eşq və intiqam” əsərini tamaşaya qoyur və əsas rolu oynamaq ona tapşırılır. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad edirlər.
1968-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirən aktyor bu teatrın səhnəsində yaddaqalan obrazlar yaradıb.
Görkəmli aktyor "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən artıq filmə çəkilib. Bunlardan "Yenilməz batalyon", "Dəli Kür", "Qaçaq Nəbi", "Axırıncı aşırım", "Qatır Məmməd", "Qəm pəncərəsi" və s. qeyd etmək olar.
Milli Teatrda 23 il fəaliyyət göstərdikdən sonra aktyor Bakı Bələdiyyə Teatrında və paralel olaraq Azərbaycan Mədəniyyət Fondunun "Sönməyən ulduzlar" teatrında öz yaradıcılıq fəaliyyətini davam etdirib. Aktyorun çəkildiyi "Solğun çiçəklər", "Sarıköynəklə Valehin nağılı", "Diş ağrısı" tamaşaları milli televiziyanın Qızıl Fondunda saxlanılır.
Teatr sənəti sahəsində xidmətlərinə görə Muxtar Avşarov 1966-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adlarına, 2004-cü ildə "Şöhrət ordeni"nə və Prezident təqaüdünə layiq görülüb.
Muxtar Avşarov yüksək səhnə mədəniyyətinə malik aktyor, həssas tərəf-müqabil idi. O, həm komik, həm faciəvi obrazları, həm baş, həm də epizodik rolları eyni məharətlə ifa edirdi.
Xalq artisti 2004-cü il dekabrın 1-də Bakıda 90 yaşında vəfat edib. Onun işıqlı xatirəsi unudulmaz obrazları ilə həmişə yaddaşlarda yaşayacaq.
Hazırladı: Mina RƏŞİD