Bu sözləri Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov söyləyib.
O bildirib ki, Qarabağ ərazilərində turizmin inkişaf etdirilməsi əsas hədəflər sırasındadır: “Qarabağa qayıdış proqramı çərçivəsində həmin ərazilərdə yaxın gələcəkdə məskunlaşma olacaq. Həmçinin o ərazilər turist cəlb etmək potensialına da malikdir. Bu barədə növbəti illərdə müvafiq addımlar atılacaq. İndiki mərhələdə isə bizim əsas prioritetlərimiz bu yerləri və orada ola biləcək turizm resurslarını müəyyənləşdirməkdən ibarət olub ki, bu da gələcək strategiyamıza aiddir. Ümumilikdə isə Qarabağda əsas yerləşmə vasitələri üçün əhəmiyyətli məkan hələ ki, Şuşa şəhəridir. Eyni zamanda Şuşa şəhərinə gedən Zəfər yolu ilkin turizm marşrutu olaraq təyin edilib. Bu turizm marşrutu gələcəkdə inkişaf etdirilərək, turizm investisiyalarını qeyd edilən ərazilərə cəlb edəcək. Həmçinin paralel olaraq biz Suqovuşanda turizmin inkişafı konsepsiyası üzrə işlər aparırıq. Görüləcək bu işlərlə bağlı turizm konsepsiyalarımız var, onlar hazırda layihələndirmə prosesindədir”, - deyə Dövlət Turizm Agentliyinin şöbə müdiri vurğulayıb. (AZƏRTAC)