21.11.2024, 14:32
AZ EN
28.11.2022, 17:00 342

Beynəlxalq Muğam Mərkəzində “Kəlağayı günü”

XƏBƏRLƏR
  • “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində UNESCO-nun maddi irs siyahısına daxil edilmiş kəlağayı gününə həsr edilmiş konsert proqramı keçirilib. 

Konsertdən öncə müxtəlif növ kəlağayıların yer aldığı sərgiyə baxış keçirilib. Sərgidə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəzdində yaradılan “Kəlağayı muzeyi”nin kəlağayıları, İB-nin tərtib etdiyi "Azərbaycan kəlağayısı min illərin yadigarı" adlı kitabı, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin rəsm əsərləri, rəssam Sehran Allahverdinin "Kəlağayı" kompozisiyası, eləcə də rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri və Basqal ustalarından olan Mürşüd Talıbovun kəlağayı üzərində işlənmiş əl işləri sərgi iştirakçılarına nümayiş etdirilib.

Konsertdə tanınmış müğənnilər, aşıqlar, saz-söz adamlarının Azərbaycan kəlağayısını vəsf edən ifaları dinlənilib, şeirlər səsləndirilib. 

Konsert zamanı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, konsertin təşkilatçısı, şair-publisist Güllü Eldar Tomarlı “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin ali mükafatı olan "Aşıq Ələsgər 200" yubiley medalı və fəxri diplomu ilə təltif edilib. Medal Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli tərəfindən təqdim olunub. 

Tədbir çərçivəsində kəlağayı ustası Mürşüd Talıbov Xalq şairi Mirvarid Dilbazinin rəsmi işlənmiş kəlağayını muzeyə hədiyyə edib. Eyni zamanda rəssam Gülnarə Məmmədovanın kəlağayılı qızlar çəkilmiş rəsm əsərləri də muzeyə təqdim olunub. G.E.Tomarlının ideyası və “Qazax” Xeyriyyə İctimai Birliyinin  sədri İlham Pirməmmədovun dəstəyi ilə ərsəyə gəlmiş, xarı bülbül elementləri ilə bəzədilmiş nəfis kəlağayı şəhid Əlizamin Mustafalının anasına hədiyyə edilib.

Konsertdə vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri də iştirak ediblər. 

Mina RƏŞİD

Oxşar xəbərlər