Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) “And yerimiz - Şəhidlər!” adlı layihə həyata keçirir. Layihə çərçivəsində Nizami, Tərtər və Bərdə rayonlarında yaşayıb 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış qazilərimizin tanıdılması məqsədi ilə kitab nəşr etdirilir. Bundan əlavə İctimai Birliyin məqsədinə və təyinatına uyğun olaraq əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, onların hüquqlarının müdafiəsi ilə də məşğul olunur.
Bu günlərdə Yazıçılar Birliyinin Natəvan zalında layihə çərçivəsində nəşr olunmuş “And yerimiz-Şəhidlər!” adlı kitabın təqdimatı keçirildi. Tədbir şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Layihə rəhbəri Tahir Xudiyev çıxış edərək görəcəyi işlər barədə və nəşr olunmuş kitabla bağlı məlumat verdi.
Çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə heyəti üzvü, təqaüddə olan hərbçi polkovnik, Qarabağ müharibəsi veteranı Ağalar Əliyev, AYB sədrinin müşaviri Sayman Aruz, BƏC İB-in Hərbi işlər üzrə şöbəsinin rəhbəri, ehtiyatda olan polkovnik, 2-ci qrup Qarabağ müharibəsi əlili Nazir Hüseynov, Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş şöbəsinin rəisi Zümrüd Səmədova, Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, BƏC İB-in Mətbuat xidmətinin rəhbəri Saleh Əzizli, BƏC İB Ağsaqqallar Şurasının üzvü, şair Seyidağa Seyid Sadıq, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elmira Behbudova, AYB-nın əməkdaşları və jurnalistlər Vətən müharibəsində oğullarımızın göstərdikləri qəhrəmanlıqlardan, şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad edilməsindən, Ali Baş Komandan İlham Əliyevin şəhidlərimizin ailələrinə və qazilərimizə diqqət və qayğısından danışdılar.
Tədbirdə şəhid ailələrinin problemləri dinlənildi və aidiyyəti dövlət təşkilatlarına bu problemlərin müsbət həlli üçün müraciət ediləcəyi bildirildi.
Mina RƏŞİD