25.04.2024, 21:58
AZ EN
18.10.2022, 11:38 381

Bu gün rejissor Nəsir Sadıqzadənin doğum günüdür

XƏBƏRLƏR

Bu gün rejissor, kino aktyoru, görkəmli pedaqoq Nəsir Sadıqzadənin doğum günüdür. O, 1926-cı il oktyabrın 18-də mədəniyyət beşiyi Şuşada anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Təhsilini başa vurduqdan sonra paytaxt teatrları ilə yanaşı, bölgə teatrlarında da fəaliyyət göstərib.

Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. 1965–1966-cı illərdə Gəncə teatrında, 1970–1973-cü illərdə isə Naxçıvan DMDT-də baş rejissor olub. Müxtəlif illərdə Cəfər Cabbarlının "Aydın", Mirzə İbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin "Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (27 dekabr 1972), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya İoselianinin "Araba hələ aşmayıb" (1976), Sergey Mixalkovun "Xərçənglər" (29 may 1982) pyes və dram əsərlərinə quruluş verib. Bir sıra filmlərdə çıxış edib. "Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy obrazını yaradıb. Uzun illər Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

İstedadlı rejissor Nəsir Sadıqzadə 1996-cı ildə Bakıda vəfat edib. 

 

Mina RƏŞİD

Oxşar xəbərlər