Milli mətbuatımizin 150 illik yubileyinə həsr edilmiş “Əkinçidən 50 il sonra” kitabının nəşrini Azərbaycan Mətbuat Şurası maliyyələşdirib. “Neftimizin Avropaya uzun yolu” kitabı isə bp şirkətinin (Böyük Britaniya) Azərbaycanın tarixində neftin həlledici rolunu araşdıran yeni tədqiqat layihəsi çərçivəsində işıq üzü götüb.
Təqdimatda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid hər iki kitabın əhəmiyyətindən danışıb, Müsəllim Həsənovun peşəkar jurnalist və əzmkar tədqiqatçı kimi fəaliyyətini yüksək qiymətləndirib. O, müəllifin indiyədək geniş ictimaiyyətə məlum olmayan, tarixi baxımdan dəyərli faktları aşkarladığını və onları özünəməxsus üslubda qələmə aldığını vurğulayıb.
Müəllif apardığı arxiv araşdırmaları, kitablar üzərində yaradıcılıq işi, hər iki nəşrdə işıqlandırılan məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Oxuculara təqdim olunan nəşrlərin redaktoru, Əməkdar jurnalist Elşən Əliyev müəllifin hər bir sözə, fakta böyük məsuliyyətlə yanaşdığını qeyd edərək, onun redaktə işinə də xüsusi həssaslıq göstərdiyini, mətnin mükəmməlliyinə nail olmağı qarşıya məqsəd qoyuduğunu bildirib.
Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev, professor Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı və başqaları çıxış edərək, müəllifin yaradıcılıq imkanlarından və uğrlarından danışıblar, ona fədakar fəaliyyətində yeni nailiyyətlər arzulayıblar.
“Əkinçidən 50 il sonra” və “Neftimizin Avropaya uzun yolu” kitabları müəllifin avtoqrafı ilə tədbir iştirakçılarına hədiyyə olunub.