Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri danılmazdır. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyən ədib 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edib. Qurultaydan sonra ərəb əlifbasının islahı üçün təkliflər irəli sürən S.S.Axundov pedaqoji sahədə həmkarları ilə birlikdə “İkinci il” dərsliyini tərtib edib.
Onun ilk əsəri "Tamahkar" komediyasıdır. Yazıçı bu əsərini böyük dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə qələmə alıb. Dramaturqun sənətini sevən yazıçı ədəbiyyatda ondan fərqlənmək üçün ərəbcə ikinci mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürüb. S.S.Axundov “Dibdat bəy", "Türk birliyi" komediyalarının, "Laçın yuvası", Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" kimi pyeslərin və bir sıra uşaq əsərlərinin də müəllifidir. Onun bir nasir kimi 1905-ci ildə yazdığı "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu" kimi hekayələri də müəllifin yadda qalan hekayələrindəndir.
O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Uşaq ədəbiyyatında “Qorxulu nağıllar” adı bəzən təəccüb doğursa da müəllifin söylədiyi kimi, bu hekayələr uşaqları qorxutmur, həyat həqiqətlərini, onun işıqlı və qaranlıq tərəflərini obrazlaşdırmaqla onlara doğru yolu göstərir. Bu baxımdan ədibin “Qaraca qız” hekayəsi xüsusilə seçilir və sevilir.
XX əsr Azərbaycan nəsrində, xüsusilə uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olan S.S.Axundov 1939-cu il martın 29-da 63 yaşında Bakıda vəfat edib. Yazıçı Fəxri Xiyabanda dəfn edilib.
Mina RƏŞİD