25.06.2025, 17:00
AZ EN
25.06.2025, 12:36 309

Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb

XƏBƏRLƏR
  • Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan Ordusunun qurucusu Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Ulu Öndər Heydər Əliyevin bu Fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım idi. Artıq beşinci ildir ki, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü fərqli əhvalda - Qələbə ovqatında qeyd edilir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar virtual və ənənəvi sərgi, videoçarx və “Qalib və müzəffər Azərbaycan ordusu” adlı daycest hazırlanıb.

Kitabxanadan bildirilib ki, hazırlanan videomaterialda Silahlı Qüvvələr Gününün keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda məlumat verilir. Materialda AXC dövründə Milli Ordunun yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan ordusunun inkişafındakı rolunu əks etdirən maraqlı məlumatlarla yanaşı, müasir Azərbaycan Ordusunun görüntüləri də yer alır.

Videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/qalib-azerbaycan-ordusu yerləşdirilib.

26 İyun - Silahlı Qüvvələr Günü haqqında qələmə alınan dövri mətbuat məqalələrinin biblioqrafik təsvirini, annotasiyasını və keçid linkinı özündə cəmləyən daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini qalib və müzəffər Azərbaycan Ordusu haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest yerləşdirilmiş vəsaitdə bir sıra rəsmi sənədlərin və “Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi ilə qurulan ordu” adlı məqalənin tam mətni təqdim edilir. Əsasən 2021-2025-ci illəri əhatə edən məqalələr toplusu vəsaitdə illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

“26 İyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi kitab sərgisində isə Silahlı Qüvvələr Gününün tarixini, əhəmiyyətini əks etdirən nəşrlər və kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsait sərgilənməkdədir. (AZƏRTAC)

Oxşar xəbərlər