Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını ("Əsgər marşı","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab Leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və s.) ifa edib.
Azərbaycan Milli Ordusunun hərbi hissələrində onun mahnıları səslənir. O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir.
Şəmistan Əlizamanlı kinematoqrafçıların çəkdikləri "Bəd xəbərlər gətirən qəribə adamlar", "Qudyalçay", "Koroğlu" və s. onlarla sənədli filmlərinin səsləndirilməsində, "Dahi sərkərdələr" (Böyük Britaniya) filminin dublyajında iştirak edib.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Quliyevin döyüş yolundan bəhs edən sənədli film (2011), "Qəhrəman kənd - Əlibəyli" (2013) adlı sənədli film onun iştirakı ilə ölkə ictimaiyyətinə təqdim edilib.
1998, 1999 və 2002-ci illərdə Almaniyada, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində, Rusiyanın bir çox vilayətlərində, Qazaxıstanda, Ukraynada, Türkmənistanda səfərlərdə olub və konsert proqramları ilə çıxış edib. İsveçrədə "Beynəlxalq Musiqi Festivalı"nda, müxtəlif ölkələrdə keçirilən Türk Xalqlarının Qurultaylarının iştirakçısı olub. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin qurultayında konsert proqramı ilə çıxış edib.
Şair-publisist Rəşid Faxralının müəllifi olduğu "Diqqət! Diqqət!.." adlı kitabda hərbi diktor Şəmistan Əlizamanlının səsinin fonunda müharibənin görünən və görünməyən məqamları öz əksini tapıb.
Təbrik edirik!
Hazırladı: Mina RƏŞİD