01.12.2024, 21:13
AZ EN
09.09.2022, 15:00 410

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Araqçın

XƏBƏRLƏR
  • "Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.

Növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın qadın baş geyiminin elementlərindən biri olan Araqçına həsr olunur.

Şuşanın ənənəvi qadın geyim kompleksi içərisində baş geyimləri həmişə xüsusi yer tutub. Abır-həya, ismət, qadın gözəlliyinin ülviyyət meyarı sayılan baş geyimləri şərqli qadınların daim milli ləyaqət göstəricisi olub.

Şuşanın ənənəvi qadın baş və ayaq geyimləri çeşidlərinin müxtəlifliyi, yüksək bədii tərtibatı və bəzək harmoniyası, başlıcası isə öz mühafizəkarlığı ilə digər geyim tiplərindən daha çox fərqlənmiş, Azərbaycan qadınlarının sosial-iqtisadi vəziyyətini və estetik zövqünü aydın əks etdirmişdir.

Qadın baş geyimləri geymə (qoyma) və bağlama (örtmə) olmaqla iki qrupa bölünürdü.

Birinci qrup baş geyimlərinə tac, təsək, çutqu, araqçın, dingə, ikinci qrup baş geyimlərinə isə müxtəlif ölçülü və adlı ləçəklər, çalmalar, kələğayılar, şallar, örpəklər, eləcə də rübənd, papaqqabağı, çadra, çarşab, duvaq və s. aid idi.

Təsək (araqçın) tipli qadın baş geyimləri XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanın Gəncəbasar, Şirvan, Qarabağ, Şəki-Zaqatala və Qərb bölgələri üçün daha xarakterik olmuşdur. Şuşada əsas təsək növü araqçın adlanırdı.

Qalın və qiymətli parçadan tikilən araqçının alın hissəsinə bəzək elementi kimi iki cərgədə qızıl pullar tikilirdi. Araqçının altından isə bir neçə kiçik və iki iri hörük buraxılır, birçək düzəldilirdi.

Azərbaycanın hər yerində olduğu kimi, Şuşada da qadın araqçını yüksək zövqlə işlənmiş, üzəri müxtəlif asma və tikmə bəzəklərlə zəngin olmuş, qadın gözəlliyini bir qədər də tamamlamışdır. Bölgədə araqçının üstündən, bir qayda olaraq, kəlağayı bağlayırdılar.

Naxçıvan və Qarabağ bölgələrində “aygün”, “ulduz”, “buta”, “qönçəçi-çək”, “zəncirə” və s. bəzəklər salınmış araqçınlara üstünlük verilirdi.

Araqçınların möhkəmliyini təmin etmək üçün onlar əsasən tirmə parçadan tikilir, quşgözü və güləbətin tikmə üsulu ilə bəzədilirdi. Bəzi hallarda muncuq tikmə üsulu ilə bəzədilən araqçınlara da rast gəlinirdi.

Oxşar xəbərlər