02.06.2025, 15:09
AZ EN
07.11.2024, 15:19 301

Bu gün Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün teatr rəssamı, Əməkdar incəsənət xadimi Əyyub Cəfər oğlu Fətəliyevin doğum günüdür. O, 1925-ci il noyabr ayının 7-də İrəvan şəhərində anadan olub. Onun rəssamlığa marağı erkən yaşlarından başlayıb. 1944-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib, bir müddət işlədikdən sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul edilib.

1952-ci ildə Ə.Fətəliyev Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun “Gülşən” baletinin səhnə tərtibatı mövzusunda diplom işini müdafiə edərək, institutun teatr rəssamlığı fakültəsini müvəffəqiyyətlə bitirib.

Əsəri müsabiqədə müvəffəqiyyət qazanan Ə.Fətəliyev 1952-1955-ci illərdə Moskvada yerləşən SSRİ məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışıb.

Gənc rəssam Böyük teatrda rejissorlar B.Pokrovski, L.Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə çox böyük yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin ən incə mətləblərini mənimsəyib. Ə.Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi C.Verdinin “Traviata”, N.A.Rimski-Korsakovun “Qar qız”, D.Kabalevskinin “Nikita Verşinin”, A.Rubinşteynin “Demon” tamaşalarının bədii tərtibatının hazırlanmasında iştirak edib.

1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. O, teatrda əvvəlcə quruluşçu rəssam, 1957-ci ildən isə teatrın baş rəssamı kimi bir çox məşhur opera tamaşalarına bədii tərtibat verib.

Ə.Fətəliyevin bədii tərtibatını və quruluşunu hazırladığı opera tamaşalarına C.Cahangirovun “Azad” (1957), “Xanəndənin taleyi” (1979), F.Əmirovun “Sevil” (1959), Ü.Hacıbəylinin “Koroğlu” (1959, 1975, Xalq rəssamı Tahir Salahovla birgə), S.Ələsgərovun “Bahadur və Sona” (1961), Cüzeppe Verdinin “Aida” (1961), “Traviata” (1964), “Otello” (1982), Aleksandr Borodinin “Knyaz İqor” (1964, 1975), Modest Musorqskinin “Boris Qodunov” (1966), Vasif Adıgözəlovun “Ölülər” (1967), Qara Qarayevin və Cahangir Hacıyevin “Vətən” (1973), Zakir Bağırovun ”Aygün” (1973) və başqalarını qeyd etmək olar.

Ə.Fətəliyev bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olub.

Rəssamın uzunmüddətli uğurlu bədii və pedaqoji yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 1964-cü ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Əyyub Fətəliyev 2000-ci il aprel ayının 21-də vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər