Natəvan Osmanlı və Mümtaz Xəlilzadənin aparıcılığı ilə keçən konsertdə əvvəlcə respublikanın Xalq artistləri Nəzakət Teymurova və Teyyub Aslanovun ifası dinlənilib. Sonra indiyədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış ediblər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunub.
Konsert birinci Muğam Televiziya Müsabiqəsinin qalibləri - Əməkdar artistlər Təyyar Bayramov və İlkin Əhmədovun ifasında “Qarabağ şikəstəsi” ilə yekunlaşıb.
Finalın və qala-konsertinin Şuşada keçirilməsi VIII muğam müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici mərhələsinə ev sahibliyi etməsi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Şuşa İli”nə töhfəsidir.