"Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Asosasiyasının dəstəyi ilə musiqiçilərimiz - xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Səyyar Teymurov Polşanın Bialistok, Kleszczele və Stary Folwark şəhərlərində davamlı olaraq konsertlər və ustad dərsləri keçiblər.
Ən böyük konsert isə Bialistok şəhərinin mərkəzi küçəsində gerçəkləşib. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz əvvəlcə onları Polşa dilində salamlayıb. Tamaşaçılar Azərbaycan muğamlarını və musiqilərini onlara sevdirən musiqçilərimizi ayaq üstə alqışlayıblar.
Konsertdən sonra musiqiçilərimiz Polşa Dövlət Televiziyasına milli paltarlarında olan Xarıbülbül nişanının mənası və Azərbaycan muğamı haqqında ətraflı müsahibə verib, musiqilərimizi Polşa radiosunda səsləndiriblər. Festivala musiqiçilərimizi dəstəkləmək üçün Polşadakı Azərbaycan Diasporunun sədri Sedat Şamilli də qatılıb.
Sonda musiqiçilərimiz Krakovda "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosasiyasının təşkilatçılığı ilə möhtəşəm konsert verib, "Qarabağ" mahnısını tamaşaçılarla bir yerdə oxuyublar. "Vətən" musiqi qrupunun hər biri üzvü diplom və qiymətli hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, respublika və beynəlxalq müsabiqələr qalibi olan təmsilçilərimiz, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.
Hazırladı: Mina RƏŞİD