O, 1943-cü ildə mayın 13-də Bakı şəhərində, XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən olan Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturanı (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur;
Elçin ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.
Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Elçinin "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında Londondakı St. James teatrında "Gecə yarısı" (ing. Midnight) musiqili tamaşası hazırlanmışdır.
Onun filmoqrafiyasına “Əllər və rənglər” (film, 1974), “Ömrün səhifələri” (film, 1974), “Alıcının sərgüzəşti” (film, 1976), “Arxadan vurulan zərbə” (film, 1977), “Dantenin yubileyi” (film, 1978), “Gözlə məni” (film, 1980) və.s. daxildir.
Hazırladı: Mina RƏŞİD