Səfirlikdən bildirilib ki, Azərbaycanın İordaniyadakı səfirliyi, İordaniya Muzeyinin və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşkilatçılığı ilə keçirilən mərasimdə açılış nitqi ilə çıxış edən İordaniya Muzeyinin baş direktoru İhab Amarin və Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov indiyə qədər ingilis, fransız və ispan dillərində işıq üzü görmüş nəşrin dünyanın bir sıra ölkələrinin ictimaiyyəti arasında Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşa və bütün Qarabağ bölgəsində qədim tarixə malik Azərbaycanın mədəni irsi haqqında geniş məlumatın, təsəvvürlərin formalaşmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Səfir Eldar Səlimov kitaba daxil edilən materialların Gürcüstan Milli Muzeyinin arxivlərində 100 ildən artıq qapalı saxlandığını, yalnız bir neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə aşkarlandığını, bu materialların Qarabağın məhz Azərbaycan mədəni kimliyinə aid olduğunu sübuta yetirdiyini vurğulayıb.
Albomu təqdim edən nəşrin elmi redaktoru, ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov, İordaniya Universitetinin professoru, tarixçi Məhəmməd Vahib, yazıçı və tarixçi Məhəmməd İsa Əl Udvan çıxışlarında alban mədəniyyətinə aid mədəni artefaktların süni şəkildə erməniləşdirilməsindən, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğunu göstərdiyini xüsusi vurğulayıblar.
ABİA-nın sədri Elçin Əsgərov 1828-ci ildə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən bəhs edib. O, çıxışında deyib: “Kitaba arxivlərdən tapılmış minlərlə yeni material təkcə Qarabağ regionunda Azərbaycan dövlətçiliyinin qədim dövlətçilik tarixini tərənnüm etmir. Kitabda təqdim olunan sübutlar digər Azərbaycan ərazilərində olduğu kimi Qarabağ xanlığında da İslam məzhəblərinin, eləcə də müxtəlif dinlərin nümayəndələrinin sülh və hörmət içində yaşadığını bariz şəkildə nümayiş etdirir. Bunun dərin kökləri Azərbaycanda İslam dininin təfəkkür və sevgi fəlsəfəsi ilə həmahəng inkişafı ilə bağlıdır. Eyni zamanda, bu materiallar bu gün Azərbaycandakı məzhəblər, dinlər və mədəniyyətlərarası tolerantlıq və qarşılıqlı hörmətin Azərbaycan xalqına xas dəyər olduğunu nümayiş etdirir. Bu, bugünkü dünya, xüsusilə İslam aləmi üçün tədqiq olunası unikal model və dəyərdir”.
E.Əsgərov, həmçinin 30 ilə yaxın davam edən erməni işğalı dövründə Qarabağ ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı irsinin dərindən tədqiqinin Qarabağda tarix boyu aparıcı mədəni və siyasi kimliyin məhz Azərbaycan mədəniyyətinə və milli kimliyinə aid olduğunu aşkarlaması haqqında konfrans iştirakçılarını məlumatlandırıb.
Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı tədbir iştirakçılarına hədiyyə edilib, eləcə də “Qarabağın inciləri” adlı fotosərginin açılışı elan olunub.
Fotosərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, paytaxtı Şuşa şəhəri olan muxtar Azərbaycan dövlətinin Qarabağ xanlığına (1747-1822) aid artefaktların rəsmləri nümayiş etdirilib. (AZƏRTAC)