23.12.2024, 09:10
AZ EN
15.01.2024, 21:33 254

"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub

XƏBƏRLƏR
  • Bu gün Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub.

Əsər Azərbaycan Dövlət Akademik opera və balet teatrının baş rejissoru Hafiz Quliyevin quruluşu ilə səhnəyə qoyulub.

Ankara Opera və Balet teatrının baş rejissoru və baş rolun ifaçısı Şenol Talınlı “Report”un Ankara Bürosuna bildirib ki, "Arşın mal alan" türkiyəli sənətçilərin ifasında səhnələşdirilib.

Dekabrın 23-dən indiyədək tamaşa üçün davamlı və məhsuldar hazırlıq məşqləri aparıldığını qeyd edən baş rolun ifaçısı Şenol Talınlı Üzeyir Hacıbəyovun əsərlərinə Türkiyədə böyük maraq olduğunu vurğulayıb:

“İlk premyera yanvarın 13-də Azərbaycanın Türkiyədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) nümayəndələrinin və Hafiz Quliyevin iştirakı ilə nümayiş edildi. Çox böyük tamaşaçı rəğbəti qazandı. Hər zaman da belədir və buna görə “Arşın mal alan”ı repertuarımızdan çıxarmaq istəmirik. Təsəvvür edin ki, Ankara Opera və Balet teatrında operetta 2003, 2013, 2023-cü ildə müxtəlif tarixlərdə çox nümayiş edilib, amma yenə də tamaşaya artıq bilet tapılmır. Bu gün hətta ayaq üstə seyr edənlər də çox oldu. Ümumiyyətlə, Türkiyədə Üzeyir Hacıbəyovun musiqiləri seyrçilərimiz, dinləyicilərimiz tərəfindən çox yüksək rəğbətlə qarşılanır”.

Qeyd edək ki, “Arşın mal alan”da digər baş rolun - Gülçöhrənin ifaçısı Əsin Talınlı həyatda da Şenol Talınlının xanımıdır. (Report)

Oxşar xəbərlər