Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958-1964-cü illərdə “Göyərçin” jurnalı redaksiyasında məsul katib, 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin, 1972-1975-ci illərdə isə yenidən “Göyərçin” jurnalının baş redaktoru olmuşdur. O, 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlayıb və bu mövzuya daim sadiq qalıb. O, altmış ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini verib. Yazıçının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbaszadənin dövrümüzün müxtəlif mərhələlərinin bədii mənzərəsini canlandıran və insanlarımızın zəngin mənəviyyatını tərənnüm edən hekayələri, povest və romanları oxucular tərəfindən daim rəğbətlə qarşılanmış, gənc nəslin milli mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması işində mühüm rol oynamışdır.
Hüseyn Abbaszadənin lirik şeirlərinə bəstələnmiş mahnılar görkəmli Azərbaycan müğənniləri tərəfindən ifa edilərək, dinləyicilərin böyük rəğbətini qazanmışdır. Onun ədəbi fəaliyyətinin bir istiqaməti də bədii tərcümə sənəti ilə bağlı olmuşdur. Yazıçının öz əsərləri də bir çox xalqların dillərinə tərcümə olunaraq, ölkəmizin hüdudlarından kənarda yayılmış, milli nəsri uğurla təmsil etmişdir.
Hüseyn Abbaszadənin Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, bir sıra hərbi orden və medallarla, habelə müstəqil Azərbaycanın ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub.
Unudulmaz yazıçı, xeyirxah insan Hüseyn Abbaszadə 2007-ci il dekabrın 12-də ömrünün 86-cı ilində vəfat edib. Onun işıqlı xatirəsi həmişə yaddaşlarda qalacaq.
Mina RƏŞİD