Bu günlərdə Sabirabad rayon Mədəniyyət Mərkəzində şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı Şahnaz Şahinin Vətən müharibəsində şəhidlik məqamına yüksələn sabirabadlı oğulların əziz xatirəsinə və Zəfərimizə həsr etdiyi iki kitabın təqdimat mərasimi keçirilib. “Sabirabad Şəhidləri” və 44 günlük Vətən Müharibəsində qələbəmizə həsr edilmiş “Zəfər Nəğmələri” kitablarının təqdimat mərasimində Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Benəlxalq əlaqələr üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyi sədrinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə müşaviri, şair-yazıçı Sayman Aruz, eləcə də digər yaradıcı şəxslər, şəhid ailələri və qazilər, müxtəlif dövlət qurumlarının əməkdaşları, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərimizin adlarının yaşadılması, gənc nəslin qəhrəmanlarımızın həyatından örnək götürmələri məqsədilə şair-esseist Şahnaz Şahinin bu mövzuda kitab yazmasının nümunəvi addım olduğunu vurğulayıb, müharibədə qazanılan tarixi qələbəmizin bədii ədəbiyyatda əks olunmasının, şəhidlik zirvəsinə ucalan igid oğulların cəmiyyətdə daha geniş təbliğ olunmasının vacib əhəmiyyətindən söz açıblar.
Sonda Şahnaz xanım çıxış edərək, hər iki kitab haqqında iştirakçılara məlumat verib və onlara təşəkkürünü bildirib.
Qeyd edək ki, təqdimat mərasimi Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Mina RƏŞİD