19.09.2024, 05:13
AZ EN
18.10.2023, 12:24 270

Bu gün rejissor Nəsir Sadıqzadənin doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycanın istedadlı teatr rejissoru, kino aktyoru, görkəmli pedaqoq Nəsir Müseyib oğlu Sadıqzadə 1926-cı il oktyabrın 18-də Azərbaycanın qədim, gözəl şəhəri Şuşada anadan olub. Qarabağın müdhiş gözəlliyində böyüyən və istedadlı insanlarının əhatəsində boya-başa çatan Nəsir Sadıqzadə üçün aydın məsələdir ki, sənət meyarı hələ kiçik yaşlarından bəlli olub, onun sehrkar aləmindən yan keçə bilməyib. O, orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Bununla yanaşı, sənətə olan böyük sevgisinə görə 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Təhsilini başa vurduqdan sonra paytaxt teatrları ilə yanaşı, bölgə teatrlarında da fəaliyyət göstərib.

Yaradıcılığının ilkin mərhələsindən peşəkarlıq nümayiş etdirən rejissor istedad və bacarığına görə teatr ictimaiyyətinin, həmçinin sənətsevərlərin diqqətini çəkib. 1965-1966-cı illərdə Gəncə Dövlət Dram Teatrında baş rejissor, 1970-1973-cü illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rejissor işləyib. Həmçinin, müxtəlif illərdə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor kimi fəaliyyət göstərib. Yerli və xarici dramaturqların pyes və dram əsərlərinə fərdi yaradıcılıq metoduna xas olan fərqli quruluşlar verib. Klassik əsərləri yeni üslubda, fərqli metodda səhnələşdirən rejissor ədəbi əsərlərin məzmununa səmimi quruluşları ilə rəng qatıb, koloritli yaradıcılığı ilə teatrın repertuarının zənginləşməsinə imkan yaradıb.

Milli teatr tariximizdə özünəməxsus yeri olan, mütaliəni həyatının ayrılmaz hissəsi bilən Nəsir müəllim həmçinin uzun illər (30 ildən çox müddət ərzində) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik edib, özünəməxsus sənət metodunu, bilik və bacarığını böyük şövqlə tələbələrinə tədris edib, yeniləşən gənc aktyor nəslinə doğru sənət istiqaməti verib. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan teatr, kino sənətində uğurlu yaradıcılıq nümayiş etdirən, dəyərli sənət nümunələri yaradan peşəkarların (xalq artistləri Azər Paşa Nemətov, Hacı İsmayılov, Məmməd Səfa, əməkdar artistlər Elman Rəfiyev, Firdovsi Atakişiyev, Ayşad Məmmədov, aktrisa Zemfira Əbdülsəmədova, rejissor Rövşən İsax və b.) bir çoxu məhz Nəsir müəllimin yetirmələridir.  

Nəsir Sadıqzadənin dərin sənət təcrübəsi, bilik və bacarığı “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərdə də əksini tapıb. İlk dəfə “Mən ki gözəl deyildim” filmində ikinci rejissor kimi çalışan sənət bilicisi növbəti mərhələlərdə rejissor kürsüsündə oturmasa da, geniş potensiala, fərqli sənət taktikasına malik olduğunu aktyor yaradıcılığında sübut edib. Müxtəlif janrlı filmlərdə kiçikplanlı rol iştirakçısı kimi çıxış edən aktyorun kinoda debüt rolu kinorejissor Oqtay Mir-Qasımın çəkdiyi “Şeytan göz qabağında” filmində mehmanxana müdiri obrazıdır. Bundan sonra “Qətl günü” filmində Muxtar Kərimli, “Zirzəmi”də Ata Kats, “Bəxt üzüyü” kinokomediyasında Tanrıbəy, “Qəzəlxan” kinodramında müştəri, “Qara “Volqa”” detektiv dramında Paxan, “Həm ziyarət, həm ticarət” filmində türk satıcı rollarına çəkilib.

Müxtəlif rolların xarakter və psixologiyasını mövzuya, həmçinin hadisələrin şərtinə uyğun təqdim edən Nəsir Sadıqzadə sənət nəzəriyyəsini dəqiq bildiyindən ekran obrazlarının həyat mövqeyini dəqiq ştrixlərlə təqdim edir, dialoq və monoloqları inandırıcı çatdırır, sərbəst, səmimi yaradıcılığı fonunda ekran personajının real alınmasına zəmin yaradırdı.

Unudulmaz rejissor Nəsir Sadıqzadə 1996-cı il noyabrın 27-də Bakıda vəfat edib. Allah rəhmət eləsin.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər