11.05.2025, 09:06
AZ EN
14.08.2023, 17:32 462

Mükafatını Şəhid fonduna bağışlayan yazıçı

XƏBƏRLƏR

Biz aldıq Şuşanı da,

Ağrımızı unutduq.

Silahları baş-başa

çatıb,

Bir dəstə tutduq.

 

Ey bu günü görməyən -

Günəşi batan əsgər!

Toyu yarımçıq qalıb,

Ey şəhid yatan əsgər!

 

Qurtulduq,

Gözün aydın,

Yağının yadlığından!

Vətən dinclik qazandı

Sənin rahatlığından!

 

Bu gün milli uşaq ədəbiyyatımıza yeni üslub gətirən, tanınmış şair, yazıçı Qəşəm İsabəylinin doğum günüdür. O, 1948-ci il avqustun 14-də Kürdəmir rayonundakı Xəlsə kəndinda ziyalı ailəsində anadan olub. Orta məktəbi qonşu Axtaçı kəndində bitirib. Əvvəlcə Bakıda metro tikintisində, sonralar isə Xəlsədə işləyib. ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirib. Kürdəmir rayonunun Axtaçı və Beyi kənd məktəblərində müəllim işləyib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşı olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər birliyində inzibatçi, sifariş filmləri redaktoru vəzifələrində çalışıb. "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsinin redaktoru olub. "İşıq" nəşriyyatında sifariş ədəbiyyatı redaksiyasının müdiri işləyib.  Mədəniyyət Nazirliyinin "Şur" nəşriyyatında direktor vəzifəsində çalışıb. Bədii-ensiklopedik "Cik-cik" uşaq qəzetinin təsisçisi, naşiri və baş redaktorudur. Həmçinin "Şirvannəşr" nəşriyyatının təsisçisi və naşiridir.

Qəşəm İsabəyli 1967-ci ildən dövri mətbuatda şeirləri ilə müntəzəm çıxış edir. Rus, Ukrayna, Litva və Latviya ədəbiyyatından tərcümələr edib. Şeirləri rus, ukrayna, belarus və s. dillərə tərcümə edilib. 1980-cı ildə "Sovet Azərbaycanı maarifi - 60" mahnı müsabiqəsində mükafata layiq görülüb. "Əkil-bəkil" (poema) kitabı "Ən yaxşı uşaq kitabı" I respublika müsabiqəsində ikinci mükafat qazanıb. Qeyd edək ki, yazıçı həmin mükafatı şəhidlərin xatirəsinə ucaldılacaq abidə fonduna köçürüb.

Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının "Şərəf siyahısı"nda, Fəxri Andersen Siyahısında layiqli yer tutan, milli uşaq ədəbiyyatımızın parlaq nümayəndəsi Qəşəm İsabəyliyə can sağlığı və uğurlar arzu edirik.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR